“Selfi” həvəsi turisti xəstəxanalıq etdi
Roma Kolizeyində selfi çəkmək istəyən amerikalı turist ağır xəsarət alıb.
Patrulaz.az “New York Post”a istinadən xəbər verir ki, 47 yaşlı ABŞ vətəndaşı olan qadın Roma Kolizeyində daha yaxşı selfi çəkdirmək məqsədilə abidənin hündür hissəsinə qalxmağa çalışıb. Lakin tarazlığını itirərək metal hasardan sürüşüb və iti sünbüllərin üzərinə düşüb.
Nəticədə qadın onurğa nahiyəsindən ağır şəkildə yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Həkimlər ona 80-dən çox tikiş atıblar. Hazırda qadının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, İtaliya rəsmiləri Kolizey kimi tarixi abidələrdə turistlərin təhlükəli və ehtiyatsız davranışlarına qarşı dəfələrlə xəbərdarlıq edir. İldə 7 milyondan çox insanın ziyarət etdiyi YUNESKO Ümumdünya İrs Siyahısında yer alan bu abidədə son illərdə belə hadisələr daha çoxalıb.
Gülbəniz Səfərova