“Səni direktor edərəm” – Siyəzəndə süni göl qarşılığında kreslo vədi qalmaqalı - VİDEO
Siyəzən rayonunun Yenikənd kəndində salınmış süni göllə bağlı Siyəzən Rayon İcra Hakimiyyətinə qarşı ciddi ittihamlar irəli sürülüb.
Patrulaz.az-a daxil olan məlumata əsasən, kəndin keçmiş bələdiyyə sədri Əbülfəz Muradov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun göstərişi ilə kənd ərazisində üç süni göl salıb.
İddialara görə, Novruz Novruzov həmin göllərin yaradılmasından sonra Əbülfəz Muradovu Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinin müdiri Rahib Qurbanovun yerinə təyin edəcəyi vədini verib.
Şikayətdə bildirilir ki, bu vədi yerinə yetirmək məqsədilə Ə.Muradov göllərin salınmasına şəxsi vəsaitindən xeyli məbləğ sərf edib.
Adının açıqlanmasını istəməyən vətəndaş redaksiyamıza açıqlamasında bildirib:
“Novruz Novruzov and içə bilər ki, rüşvət almır, korrupsiyaya qarşıdır. Amma verilən hədiyyəni də geri qaytarmır”.
Eyni zamanda, Siyəzən Rayon Yaşıllaşdırma İdarəsinin müdiri Rahib Qurbanovun da fəaliyyətinə dair narazılıqlar səsləndirilib. İddialara əsasən, o, səlahiyyət müddətinin bitməsinə baxmayaraq, vəzifəsini qanunsuz şəkildə davam etdirir.
Hazırda söylənilən bu ittihamlarla bağlı qarşı tərəflərin mövqeyini öyrənməyə hazırıq.