Sevdiyin mahnını AI seçir? - Populyarlığın arxasındakı görünməyən mexanizm
Rəqəmsal dövrdə musiqi sənayesi sürətlə dəyişir. Süni intellekt musiqi yaratmaqda, səs harmoniyalarını təşkil etməkdə və ritm nümunələrini müəyyənləşdirməkdə musiqiçilərə dəstək olur. Artıq ənənəvi musiqi istehsalından fərqli olaraq, texnologiya dinləyici davranışlarını izləmə və analiz etmə imkanını genişləndirib. Sosial media, musiqi platformaları və dinləyici rəyləri vasitəsilə məlumatlar toplanır və AI bu məlumatları işləyərək yeni musiqi nümunələri yarada bilir.
Bəs, dinləyicilərin zövqünü analiz edərək AI tərəfindən yaradılmış mahnını necə populyar etmək olar və bunun üçün hansı data və alətlərdən istifadə olunur?
Texnoloq Elvin Həsənov Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektlə yaradılan mahnının populyarlığını müəyyən edən əsas amil dinləyici davranışını platforma statistikasına əsaslanaraq analiz etməkdir:
“Süni intellektlə hazırlanmış mahnının populyar olması təkcə melodiyanın yaxşı çıxmasından asılı deyil. Burada əsas anlayış dinləyici davranışını düzgün oxumaqdır. Yəni platformalar və prodüserlər dinləyicinin nəyi sevdiyini artıq subyektiv hisslə yox, konkret data ilə analiz edirlər. Məsələn mahnının ilk 10–15 saniyəsində dinləyici qulaq asmağa davam edirmi, yoxsa keçir? Hansı hissədə pauza verir, geri qaytarır, paylaşır, playlistə əlavə edir və s. bunların hamısı zövq göstəricisidir. Ən çox istifadə olunan data məhz platforma içi statistikadır. Burada dinləmə müddəti, skip faizi, təkrar dinləmə, save/like sayı, paylaşım, playlistə düşmə, axtarışdan gələn trafik, hətta mahnını dinləyəndən sonra istifadəçi platformada qalırmı, yoxsa çıxırmı? bütün bunlar vacib statistik məlumatdır”.

Texnoloq vurğulayır ki,süni intellektlə hazırlanan mahnının populyarlığı həm sosial şəbəkə göstəricilərinə, həm də düzgün təqdimat strategiyasına bağlıdır:
“Bir də sosial şəbəkədən götürülən datalar var. TikTok/Reels trendi tutdumu, hansı hissə videolarda daha çox istifadə olundu, şərhlərdə sentiment necədir və s. yəni insanlar bunu sevərək paylaşır, yoxsa lağa qoyaraq paylaşır bütün bunlar ayrıca göstəricidir. Alətlər tərəfdən isə proses adətən iki hissəyə bölünür. Birincisi musiqinin özünü analiz edə bilən alətlər var, hansı ki, mahnının tempi, ritm quruluşu, səsin enerji səviyyəsi və s. bunlar ölçülür və əvvəlki hit nümunələri ilə müqayisə olunur. İkincisi isə auditoriya və yayım alətləri deyə bilərik. Ümumiyyətcə mahnı əvvəl kiçik bir auditoriyada sınanılır. Göstəricilər yaxşıdırsa, alqoritm onu daha geniş kütləyə açır. Pisdirsə, mahnı elə orada batır. Baxmayaraq ki, musiqi keyfiyyətli ola bilər. Əsasən süni intellektlə hazırlanan mahnılarda populyarlıq bəzən musiqidən çox, musiqinin necə təqdim olunması və hansı auditoriyaya necə çatdırılmasına bağlıdır”.
Cəmilə Cəfərzadə






