Sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti - Qohumu danışdı
Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli tam orta məktəbdə sinif yoldaşı tərəfindən yandırılan 9-cu sinif şagirdinin son vəziyyəti açıqlanıb.
Patrul.az ARB TV-yə istinadən xəbər verir ki, zərərçəkənin yaxınlarının və tibbi mənbələrin verdiyi məlumata görə, üzərinə spirt tökülərək yandırılan yeniyetmənin vəziyyəti kritik olaraq qalır. Hazırda Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinin reanimasiya şöbəsində müalicə alan xəstənin bədəninin 66%-i (sifət, baş, gövdə və ətraflar) dərin yanıq xəsarətləri alıb.
Mərkəzin həkimi Ülviyyə Zeynalovanın bildirdiyinə görə, xəstənin vəziyyəti ağır stabil qiymətləndirilir. Yanıq şoku fonunda zərərçəkəndə böyrək çatışmazlığı fəsadları müşahidə olunmağa başlayıb. Ailəsi yeniyetmənin həyatda qalması üçün təcili qan donorlarına ehtiyac olduğunu bildirib.
Bu barədə zərərçəkənin bibisi Nərgiz Vəliyeva məlumat verib.
Xatırladaq ki, aprelin 20-də baş vermiş hadisəni törətməkdə şübhəli bilinən digər məktəbli artıq polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, hadisə tərəflər arasında yaranan münaqişə zəminində baş verib.






