media-a2abe2ba-504a-444d-b8bd-0066ffe9e465

Bakının mərkəzi küçə və parklarında son illərdə sürətlə yayılan elektriklə işləyən skuterlər artıq şəhər nəqliyyatının ayrılmaz hissəsinə çevrilib. Müxtəlif şirkətlərə məxsus bu nəqliyyat vasitələri xüsusi proqramlar vasitəsilə kirayəyə verilir və istifadəçilər minimal ödənişlə istənilən ərazidən skuterləri götürərək istədikləri istiqamətə hərəkət edə bilirlər. Xidmətin sürətli, rahat və ekoloji cəhətdən qənaətbəxş olması vətəndaşlar tərəfindən müsbət qarşılanır. Lakin son zamanlar bu xidmətin arxa tərəfində ciddi təhlükələrin dayandığı üzə çıxır.

Patrulaz.az-ın redaksiyasına daxil olan şikayətlərə və müşahidələrə əsasən, skuterlərdən istifadə edən şəxslərin böyük bir qismi azyaşlılardır. Nəzarətsiz şəkildə bu vasitələrə çıxan uşaqlar, xüsusilə də avtomobil yollarında hərəkət edərək öz həyatlarını ciddi təhlükə altına atırlar. Skuter sürərkən yıxılıb yüngül və ya ağır bədən xəsarətləri alan azyaşlılarla bağlı hadisələrin sayı durmadan artır. Vəziyyəti daha da təhlükəli edən məqam isə bu vasitələrin bəzilərinin sürət həddinin 60, hətta 120 km/saat olmasıdır. Belə yüksək sürət təcrübəsiz və fiziki baxımdan zəif uşaqlar üçün ölümcül nəticələr doğura bilər.

Məsələnin digər təhlükəli tərəfi isə təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Skuter sürənlərin əksəriyyəti heç bir qoruyucu vasitədən – nə dəbilqə, nə dirsəklik, nə də digər zəruri avadanlıqlardan istifadə edir. Bu isə istənilən qəza halında zədələnmələrin daha ağır nəticələnməsi ilə müşayiət olunur. Bəzi hallarda uşaqların piyada zonalarında deyil, birbaşa avtomobil yollarında hərəkət etməsi isə həm sürücülər, həm də piyadalar üçün ciddi təhlükə yaradır.

Müasir şəhər nəqliyyatında skuter xidmətlərinin olması müsbət hal sayıla bilər. Lakin bu texnoloji rahatlıq təhlükəsizlik tədbirləri olmadan tətbiq edildikdə fəsadlara yol açır. Ona görə də, məsul qurumlar bu nəqliyyat vasitələrinin istifadəsi ilə bağlı daha ciddi qaydalar tətbiq etməli, yaş senzoru və qoruyucu vasitə tələbləri texniki şəkildə tətbiq olunmalıdır. Valideynlər isə övladlarının skuter istifadəsinə nəzarət etməli, onların nəqliyyat vasitələrində deyil, yaşlarına uyğun əyləncə mühitlərində vaxt keçirməsinə şərait yaratmalıdırlar.

Günay Salayeva


Bənzər xəbərlər