media-img-20250918-wa0068

Elektron mobil telefonlardan istifadə edənlərin sayı ildən-ilə artır. Bir vaxtlar sadəcə zəng və mesaj üçün istifadə olunan bu cihazlar indi gündəlik həyatımızın ən vacib ünsiyyət vasitəsinə çevrilib. Amma son illər telefon istifadəçilərinin çaşqınlığına səbəb olan çox maraqlı bir məsələ ortaya çıxıb. Söhbət, ünsiyyət zamanı toxunduğumuz mövzuların bir neçə dəqiqə sonra telefon ekranımızda qarşımıza çıxmasından gedir.

Maraqlıdır ki, bu təsadüfdür? Yoxsa telefonlar bizi həqiqətən də izləyir? Çoxları fikirləşir ki, cihazlar söhbətlərimizi dinləyir və eşitdiklərini reklam şəbəkələrinə ötürür. Digərləri isə bunu beyində yaranan psixoloji amilərlə əlaqəndirirlər.

Cəmiyyətin ikili düşüncələrini nəzərə alaraq, Patrulaz.az məsələ ilə bağlı həm texnologiya üzrə mütəxəssisin, həm də psixoloqun mövqeyini öyrənib.

Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən Texnoloq Elvin Həsənovun fikrincə, insanların söhbət mövzularının qısa müddət sonra telefon ekranında reklam kimi qarşılarına çıxmasının səbəbi cihazların onları dinləməsi deyil, güclü reklam alqoritmləridir.

Ekspertin sözlərinə görə, sosial şəbəkələr və axtarış sistemləri istifadəçilərin axtarış tarixçəsini, daxil olduğu saytları, tətbiq istifadəsini, hətta cihazın yerləşmə məlumatlarını toplayaraq süni intellekt əsaslı reklam sistemlərinə ötürür:

“Bu mövzu çox adamın marağındadır və bəzən elə təəssürat yaranır ki, telefonlarımız bizi “gizlicə dinləyir”. Amma deyə bilərəm ki, gördüyümüz uyğun reklamların əsas səbəbi gizli dinləmə deyil, güclü reklam alqoritmləridir. Əslində, bu vəziyyət əsasən reklam alqoritmlərinin və böyük məlumat analizinin nəticəsidir. Sosial şəbəkələr və axtarış sistemləri istifadəçinin axtarış tarixçəsini, ziyarət etdiyi saytları, tətbiq istifadəsini, hətta cihazın yerləşmə məlumatlarını toplayır. Bu məlumatlar süni intellekt əsaslı reklam sistemlərinə ötürülür və nəticədə istifadəçini maraqlandıran və ya yaxınlarda haqqında danışdığı mövzularla bağlı reklamlar görmüş olur. Digər tərəfdən, insanlar çox vaxt söhbətdən əvvəl həmin mövzu ilə bağlı telefonda axtarış edir, e-poçt alır və ya bənzər mövzulu məzmunla qarşılaşır. Alqoritmlər bu siqnalları birləşdirir və daha dəqiq hədəflənmiş reklam təqdim edir. Telefonların mikrofon vasitəsilə gizli şəkildə daimi dinləməsi isə həm texniki baxımdan çox enerji tələb edir, həm də iOS və Android kimi əməliyyat sistemlərinin təhlükəsizlik siyasətinə ziddir. Belə bir funksionallıq aşkar olunsa, istehsalçı şirkətlər üçün böyük hüquqi və maliyyə riskləri yaranar. Məxfilik üçün isə isatifadəçilər sadə addımlar ata bilərlər. Belə ki, tətbiqlərə verilən mikrofon və məkan icazələrini mütəmadi yoxlamalı, istifadə etmədikləri icazələri bağlamalı, sosial şəbəkə və brauzerlərdə məxfilik parametrlərini gücləndirməlidirlər”.

Məsələ ilə bağlı Patrulaz.az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə açıqlamasında bu prosesin baş verməsini həm texloji, həm də psixoloji amillərlə bağlı olduğunu bildirib. Psixoloq da texnologiya mütəxəssisi kimi sosial şəbəkələr və axtarış sistemlərinin mürəkkəb alqoritmlərlə işləyərək istifadəçilərin maraqlarını, axtarış tarixçəsini və bəyəndiyi məzmunları izlədiyini, daha sonra onları birləşdirərək insanların qarşına çıxardığını bildirib:

“İnsanların tez-tez rastlaşdıqları bu halın əslində iki əsas tərəfi var. Bunlardan birincisi texnoloji, digəri isə psixolojidir. Heç kimə sirr deyil ki, sosial şəbəkələr və axtarış sistemləri mürəkkəb alqoritmlər əsasında işləyir. Yəni istifadəçilərin maraqlarını, axtarış tarixçəsini, bəyəndiyi paylaşımları izləyərək onlara uyğun məzmun təqdim edir. Çox vaxt biz hansısa mövzuda danışmazdan əvvəl həmin mövzu ilə bağlı məlumat axtarmış, şəkilə baxmış və ya əlaqəli məzmunu klikləməklə alqoritmlərə “siqnal” göndərmiş oluruq. Nəticədə, sistem bizim maraq dairəmizi daha da gücləndirib həmin kontenti tez-tez qarşımıza çıxarır”.

E. Rüstəmov, həmçinin bunu insan psixologiyası ilə də əlaqələndirərək bildirir ki, insanlar çox mövzular müzakirə etsələr də, yeni toxunduqları məqamlar yaddaşlarında daha güclü iz buraxır. Sonradan həmin mövzularla bağlı məzmunla qarşılaşanda isə bu, onlarda “telefon məni izləyir” təəssüratı yaradır:

“Digər isə psixoloji tərəfdir. Burada “selektiv diqqət” deyilən psixoloji mexanizm mühüm rol oynayır. Yəni biz əslində gündə çox sayda müxtəlif mövzuda məzmun görürük, lakin yeni danışdığımız mövzu ilə bağlı paylaşımları daha tez seçirik və yadda saxlayırıq. Bu da bizdə “telefon məni eşidir” təəssüratını yaradır. Halbuki, diqqətimiz həmin mövzuya fokuslandığı üçün onunla bağlı məzmun bizə daha çox görünürmüş kimi gəlir. Bütün bunlar insan psixikasına öz təsirini göstərir. Bu fenomen insanlarda “izlənmə” hissi doğura bilər. Yəni sanki özəl söhbətlərimizin izlənildiyi fikri insanlarda psixoloji narahatlıq yaradır. Digər tərəfdən, bu hal rəqəmsal dünyaya güvən səviyyəmizi azalda, konspirativ düşüncələri gücləndirə bilər. Qeyd edim ki, insan beyninin mövzular arasında əlaqə yaratmaq, nümunələri seçmək qabiliyyəti də bu hissi artırır. Ona görə də bu hadisə həm psixoloji amillərlə, həm də rəqəmsal alqoritmlərin iş prinsipi ilə bağlıdır. İnsan beyni seçici diqqətinə görə həmin məzmunu daha çox görür, sosial şəbəkə sistemləri isə bunu texniki olaraq gücləndirir. Yəni bu hal tamamilə təbii psixoloji mexanizmlərin və texnologiyanın kəsişməsidir”.

Cəmilə Cəfərzadə,

Gülbəniz Səfərova


Bənzər xəbərlər