Sosial mediada yayılan balinanın qızı öldürdüyünü iddia edən görüntülər saxta çıxdı - TƏFƏRRÜATLAR
Son günlər sosial mediada yayılan və 23 yaşlı balina təlimçisi Cessika Radkliffin canlı şou zamanı balinanın hücumuna məruz qalaraq öldüyünü iddia edən görüntülərin həqiqəti əks etdirmədiyi ortaya çıxıb.
Patrulaz.az xəbər verir ki, “TikTok”, “X” və “Facebook” kimi platformalarda milyonlarla dəfə izlənilən videoların araşdırılması nəticəsində məlum olub ki, görüntülər süni intellekt (AI) texnologiyası vasitəsilə hazırlanıb.
Araşdırmalara görə, hadisənin baş verdiyi iddia edilən Pacific Blue Marine Park isə məsələ ilə bağlı heç bir açıqlama verməyib və Radkliffin orka tərəfindən öldürüldüyünə dair rəsmi təsdiq yoxdur.
“Bu cür saxta məzmunlar süni intellektin gücü ilə çox real görünə bilər və sürətlə yayılır. İstifadəçilər gördükləri hər görüntüyə inanmazdan əvvəl mənbəni yoxlamalıdırlar,” – deyə media mütəxəssisləri xəbərdarlıq ediblər.
Qeyd edək ki, ekspertlər sosial şəbəkələrdə AI ilə yaradılmış yalan məlumatların yayılma sürətinin artdığını bildirir və istifadəçiləri bu kimi hallara qarşı daha diqqətli olmağa çağırır.
Gülbəniz Səfərova






