"Sosial şəbəkələr yetərsizlik hissini dərinləşdirir" - Psixoloq
İnsan münasibətlərində və gündəlik davranışlarda tez-tez rast gəlinən məqamlardan biri də özünü təsdiqləmə, yəni başqalarına nəyisə sübut etmə ehtiyacıdır. Bu hal bəzən uğur qazanmaq, bəzən haqlı olduğunu göstərmək, bəzən isə sadəcə qəbul olunmaq istəyindən qaynaqlanır. Sosial mühit, ailə tərbiyəsi, uşaqlıqda alınan dəyərləndirmələr və cəmiyyətin qoyduğu gözləntilər insanın özünü necə gördüyünə birbaşa təsir edir. Xüsusilə sosial şəbəkələrdə daim özünü nümayiş etdirmək, nailiyyətləri paylaşmaq və təsdiq almağa çalışmaq bu ehtiyacı daha da gücləndirir. Bəzi hallarda sübut etmə istəyi insanı irəli aparsa da, davamlı xarakter aldıqda daxili narahatlıq və psixoloji gərginlik yarada bilir.
Bəs insan niyə daim kiməsə nəyisə sübut etməyə çalışır?
Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, sübut etmə ehtiyacı insanın öz dəyərinə dair daxili arxayınlıq tapmadıqda başqalarının təsdiqi ilə bu boşluğu doldurmağa çalışmasının nəticəsidir:
“Sübut etmə ehtiyacı insanın daxili dünyasında formalaşan dəyər hissinin gücü ilə sıx bağlıdır. İnsan özünü olduğu kimi qəbul etmədikdə və ya qəbul olunacağına dair daxili arxayınlıq yaşamadıqda bu boşluğu başqasının təsdiqi ilə doldurmağa çalışır. Əslində burada söhbət güclü olmaqdan yox təhlükəsiz hiss etmək ehtiyacından gedir. İnsan sübut etdikcə rahatlayacağını düşünür amma bu rahatlıq adətən qısamüddətli olur. Bu ehtiyacın kökləri çox vaxt erkən həyat təcrübələrinə dayanır. Uşaqlıqda sevginin davranışa, nailiyyətə və ya gözləntilərə bağlı verilməsi insanda şərtli dəyər hissi yaradır. Belə insan böyüdükdə də sevilmək və qəbul olunmaq üçün daim nəsə etməli olduğuna inanır. Ona görə də fikirlərini emosiyalarını uğurlarını hətta ağrılarını belə sübut obyektinə çevirir. Müasir dövrdə bu ehtiyac daha da güclənib. Sosial şəbəkələr insanların həyatının yalnız seçilmiş və parlaq tərəflərini göstərir. Bu da insanın özünü başqaları ilə müqayisə etməsinə və yetərsiz hiss etməsinə səbəb olur. Nəticədə insan daha çox izah edir, daha çox əsaslandırır, daha çox göstərməyə çalışır. Halbuki, bu davranışların arxasında çox vaxt özünə inamsızlıq və dərin daxili narahatlıq dayanır”.

Psixoloqun sözlərinə görə, insanın öz dəyərini başqalarına sübut etməyə ehtiyac duymadığı an psixoloji yetkinlik və rahatlıq əldə olunur:
“Psixoloji baxımdan sağlam inkişaf sübut etmə ehtiyacının azalması ilə müşahidə olunur. İnsan öz dəyərini başqasının fikri ilə deyil öz daxili ölçüləri ilə müəyyən etdikdə daha sabit və rahat olur. Özünü sübut etməyə çalışan insan daim gərginlik içində yaşayır, çünki hər an qiymətləndiriləcəyini hiss edir. Özünü qəbul edən insan isə daha sakit, daha aydın və daha az yorğun olur. Əsl yetkinlik nöqtəsi insanın kiməsə nəyisə sübut etməyə ehtiyac duymadığı andan başlayır. Bu o demək deyil ki, insan inkişaf etmir və ya məsuliyyət daşımır. Əksinə insan artıq öz dəyərini nəticələrdən statusdan və başqalarının reaksiyasından ayıra bilir. Bu azadlıq isə psixoloji rifahın əsas göstəricilərindən biridir”.
Cəmilə Cəfərzadə






