media-inshot_20251215_194004439

Son dövrlərdə sosial şəbəkələrdə bəzi istifadəçilərin izləyici sayını süni şəkildə artırmaq üçün botlardan istifadə etdiyi hallara rast gəlinir. Bu üsul yalnız populyarlığı göstərmək məqsədi daşımır, həm də izləyiciləri və reklam verənləri yanıltmaq üçün istifadə olunur. Bəs, bu cür halların təhlükələri nələrdir və insanlar botları ayırd edib aldanmamaq üçün nələrə diqqət etməlidir?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Patrul.az-a açıqlamasında bildirib ki, tanınmış şəxslərin botlardan istifadə etməsi həm izləyiciləri, həm də reklam verənləri aldatmaqdır və bu, onların səmimiliyini şübhə altına alır:

“Çox təəssüf ki, biz belə halların mütəmadi olaraq şahidi oluruq, xüsusən də tanınmış şəxslər, məşhurlar, müğənnilər və influenserlər sosial şəbəkələrdə bu kimi üsullardan istifadə edirlər. Düşünürəm ki, əslində hansısa tanınmış şəxsin bottan istifadə etməsi insanları aldatmaqdır. Özünü daha populyar göstərmək, daha çox sevilindiyini göstərmək bir növ kompleks göstəricisidir. Çünki əgər real insanlar səni izləmirsə, hansısa bot vasitəsilə milyonluq, iki milyonluq izləyici sayına malik olduğunu iddia etmək sənin natamamlıq kompleksinə malik olduğunu göstərir. Azərbaycanda biz bu kimi hallara çox tez-tez rast gəlirik. Onların əsas məqsədi həm izləyiciləri, həm də reklam verən şəxsləri aldatmaqdır. Reklam verənlər həmin insanların böyük izləyici kütləsinə malik olduğuna inanıb onlara daha çox pul və reklam təqdim edir. Bu yolla həm istifadəçilər, həm də reklam verənlər aldanır. Bu heç bir halda qəbul ediləcək hal deyil. Əslində, bu, insanın özünü aldatmasıdır. Botlardan istifadə edən məşhurlar heç vaxt səmimi qəbul edilə bilməz, çünki onların real izləyici kütləsi yoxdur və yalnız maddi qarşılıq qarşılığında saxta izləyici qazanırlar. Belə davranış cəmiyyəti də aldatmaqdır”.

media-img-20251215-wa0063

Ekspertin sözlərinə görə, istifadəçilər botlardan istifadə edilən səhifələri ayırd etmək üçün izləyici ölkələrinə diqqət etməlidirlər:

“Təbii ki, sifarişlərin bunu anlaması bir qədər çətindir, çünki bot vuran insanlar eyni zamanda like və baxış saylarını da artırırlar və öz aləmlərində bu botları canlı insan kimi göstərirlər. Həmçinin, botlar vasitəsilə yalançı şərhlər yazaraq özləri haqqında xoş sözlər yaradırlar. Bu baxımdan istifadəçilər diqqətli olmalıdırlar. Hər kəs bilməlidir ki, hər kəsin real potensialını görmək mümkündür və əgər bir insan ətrafında tanınmırsa, necə olur ki, 1 milyon, 2 milyon insan onu izləyir? Bu hallar zamanla ortadan qalxacaq və artıq həmin şəxslərin səhifələrinin real olmadığını anladıqdan sonra istifadəçilər də aldanmayacaqlar. Təəssüfləndirici haldır, amma istifadəçilər bu məsələlərdə diqqətli olmalıdırlar. Səhifənin real olduğunu iddia edən şəxsdən izləyicilərinin hansı ölkədən olduğunu soruşmaq lazımdır. Məsələn, əgər hansısa məşhurun səhifəsində izləyicilərin yalnız 10%-i Azərbaycanlı, 70%-i Hindistanlı və ya Banqladeşlidirsə, bu artıq həmin şəxsin botlardan istifadə etdiyini göstərir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər