Sosial şəbəkələrdə falçılıqla məşğul olanları BU CƏZALAR gözləyir - AÇIQLAMA
Son illərdə falçılıq və mistik xidmətlərin reklamı gündəlik mediada tez-tez rast gəlinir. Xüsusilə məşhurların bu kampaniyalara qoşulması, həm sosial nüfuzun istifadəsi, həm də istehlakçıların diqqətini çəkmək məqsədilə geniş yayılıb. Belə reklamlar bəzən insanlarda yanlış ümid və ya maddi zərər yarada bilər, çünki falçılıq fəaliyyəti qanunla müəyyən məhdudiyyətlərə tabedir.
Bəs hansı hallarda məşhurların falçılıq xidmətlərini reklam etməsi cinayət məsuliyyətinə səbəb ola bilər?
Bu barədə Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, falçılıq, şəxslərin etibarından istifadə edərək onların əmlakını ələ keçirməklə dələduzluq hesab olunur və məbləğdən asılı olaraq inzibati və ya cinayət məsuliyyətinə səbəb olur:
“Falçılıq şəxslərin inamından, etibarından istifadə etmə və ya aldatma yolu ilə onların pulunu, əmlakını ələ keçirməyə hesablanmış bir fəaliyyət növüdür. Bu isə dələduzluq əməlinin tərkibini yaradır. Dələduzluq ələ keçirilmiş məbləğdən asılı olaraq həm inzibati, həm də cinayət məsuliyyətinə səbəb olur. Əgər ələ keçirilən məbləğ 500 manatdan azdırsa, bu, inzibati xəta hesab edilir İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə 160 saatdan 240 saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir”.

Vəkil sözlərinə görə, 500–5000 manatlıq dələduzluq cinayət hesab olunur və cəzaya səbəb olur:
“Ələ keçirilən əmlak 500 manatdan yuxarı olduqda, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda isə bu əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
Dələduzluğa yol vermiş şəxs məbləğdən asılı olaraq məsuliyyətə cəlb edilərək cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzalarına məhkum edilə bilər.Həmçinin falçılıq adı altında fəaliyyət göstrən şəxsin əməlində başqa cinayətin tərkibi müəyyən edilərsə bu da ayrıca məsiliyyətə səbəb ola bilər”.
Cəmilə Cəfərzadə






