media-inshot_20250903_173627778

Bu gün Zərdabda polis əməkdaşlarının vaxtında müdaxiləsi sayəsində yetkinlik yaşına çatmayan qızın qanunsuz toy mərasimi dayandırılıb. Hadisə yerinə gedən polis əməkdaşları şadlıq sarayında araşdırmalar apararaq gəlinin 17, bəyin isə 32 yaşında olduğunu müəyyən ediblər. Valideynlərlə aparılan söhbətlərdən sonra mərasimin keçirilməsi təxirə salınıb, şadlıq sarayının sahibi isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Bu hadisə bir daha göstərir ki, Azərbaycan cəmiyyətində bu kimi hallara qarşı dövlət qrumları nə qədər cəzalar tətbiq etsə də, yenə də ölkəmizdə valdeynlər öz övladlarını yetkinlik yaşına çatmadan ərə verirlər.

Məsələ barəsində də sosioloq Üzeyir Şəfiyev Patrulaz.az açıqlamasında bildirib ki, 17 yaş nikah yaşı kimi qəbul olunmur. İyul ayının 1-də təsdiqlənmiş qanuna əsasən istinad yaş həddi aradan götürülüb:

media-23_71735211456

“Erkən nikaha cəlb etmə, ümumiyyətlə, nikaha məcbur etmə ilə bağlı Cinayət Məcəlləsində və Ailə Məcəlləsində müvafiq yanaşma mövcuddur. Yəni nikaha cəlb etməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin 1, 2 və 3-cü bəndləri üzrə məsuliyyət nəzərdə tutulub.

Əgər erkən nikaha məcbur etmədirsə, burada artıq Cinayət Məcəlləsi eyni zamanda 152-ci maddə üzrə, 16 yaşa qədər olan qıza qarşı hansısa cinsi hərəkət kimi əlavə hüquqi məsuliyyət yaradır. Söhbət 17 yaşdan gedirsə, artıq bu da həmin qanunun təsiri altına düşür, çünki 17 yaş nikah yaşı kimi qəbul olunmur. İyul ayının birində qanuna görə həm də burada nəzərdə tutulub ki, istinad yaş həddi aradan götürülür.

Belə hallar olarsa, valideynlər üçün İnzibati Xətalar Məcəlləsi çərçivəsində və Cinayət Məcəlləsi çərçivəsində hüquqi məsuliyyət nəzərdə tutulur. Bu həm cərimə cəzasını, həm də azadlıqdan məhrum etmə və digər ictimai işlərdə cəzalandırmanı əhatə edir”.

Sosioloq açıqlamasında ən çox region bölgələrdə valideynlər üzərində hüquqi maarifləndirmə aparılmalı olduğunu vurğuladı:

“Bununla bağlı çox yaxşı olardı ki, mətbuatda, kütləvi informasiya vasitələrində hüquq maarifləndirmə işləri aparılsın və valideynlər bilsinlər ki, bu hansı hüquqi məsuliyyət yaradır. Eyni zamanda məktəblərdə, xüsusilə rayon bölgələrində valideynlərlə iş aparmaq lazımdır ki, erkən nikaha cəlb etmək, ümumiyyətlə nikaha məcbur etmə hansı fəsadlar törətdiyini – sosial fəsadlar, tibbi fəsadlar, eyni zamanda hüquqi məsuliyyət yaratdığını fərqində olsunlar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər