media-inshot_20260211_200014362

Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası regionda iqtisadi balansların dəyişdiyi, enerji bazarlarında yeni prioritetlərin formalaşdığı bir dövrdə diqqət mərkəzinə düşüb. Sənəd yalnız siyasi dialoqun gücləndirilməsi kimi deyil, eyni zamanda iqtisadi əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Bəs Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlıq baxımından hansı real imkanlar açır və bu sənəd investisiya axınına, enerji sektoruna və qeyri-neft sahələrinin inkişafına konkret olaraq necə təsir göstərə bilər?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki ,ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlıq baxımından ölkəyə investisiya etimadını artıran və kapital axını üçün uzunmüddətli zəmanət yaradan siyasi sənəd kimi dəyərləndirilə bilər:

“Azərbaycanla ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası iqtisadi əməkdaşlıq baxımından siyasi iradənin və uzunmüddətli əməkdaşlıq niyyətinin rəsmi təsdiqi kimi çıxış edir. Bu cür sənədlər birbaşa iqtisadi müqavilə olmasa da, biznes mühiti üçün etimad yaradır və investorlar üçün risklərin daha aşağı olduğu mesajını verir. ABŞ kimi böyük iqtisadi və maliyyə gücünə malik ölkə ilə strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq imicini gücləndirir və ölkəyə kapital axını üçün əlavə zəmanət mühiti formalaşdırır.

İnvestisiya axını baxımından bu sənəd ABŞ şirkətlərinin Azərbaycanda fəaliyyətini genişləndirməsi üçün siyasi və hüquqi çərçivəni möhkəmləndirir. Enerji, nəqliyyat, rəqəmsal texnologiyalar, logistika və kənd təsərrüfatı kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi asanlaşır. ABŞ investorları üçün vacib olan şəffaflıq, hüququn aliliyi və müqavilələrin qorunması kimi məsələlər strateji tərəfdaşlıq kontekstində daha çox diqqət mərkəzinə çəkilir. Bu isə həm birbaşa xarici investisiyaların artmasına, həm də beynəlxalq maliyyə institutlarının Azərbaycana marağının güclənməsinə səbəb ola bilər”.

media-img-20260116-wa0041-2

A. Nəsirli qeyd edir ki, strateji tərəfdaşlıq enerji sahəsində əməkdaşlığı neft və qazdan kənara çıxararaq bərpa olunan və yaşıl enerji üzrə investisiya və texnologiya transferi imkanlarını genişləndirir:

“Enerji sektoru sahəsində əməkdaşlıq ənənəvi olaraq əsas istiqamətlərdən biridir. ABŞ uzun illərdir Azərbaycanın neft və qaz layihələrində iştirak edib və Xəzər enerji resurslarının dünya bazarına çıxarılmasını dəstəkləyib. Strateji tərəfdaşlıq çərçivəsində bu əməkdaşlıq təkcə neft və qazla məhdudlaşmaya bilər. Xüsusilə bərpa olunan enerji, yaşıl enerji keçidi, külək və günəş enerjisi layihələri üzrə texnologiya transferi və investisiya imkanları genişlənə bilər. ABŞ şirkətlərinin qabaqcıl texnologiyaları Azərbaycanın enerji sektorunun modernləşdirilməsinə və ixrac potensialının artırılmasına töhfə verə bilər”.

İqtisadçının sözlərinə görə, Strateji Tərəfdaşlıq Xartiyası qeyri-neft sektorunda innovasiya, texnologiya və insan kapitalının inkişafını dəstəkləyərək iqtisadiyyatın şaxələndirilməsi üçün etimadlı mühit yaradır:

“Qeyri-neft sektorunun inkişafı baxımından sənəd iqtisadiyyatın şaxələndirilməsi prosesinə dəstək verə bilər. ABŞ bazarına çıxış imkanlarının genişlənməsi, ticarət əlaqələrinin artması və texniki yardım proqramları qeyri-neft məhsullarının rəqabət qabiliyyətini artırmağa kömək edə bilər.İnformasiya texnologiyaları, startap ekosistemi, innovasiya, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq uzunmüddətli iqtisadi dayanıqlılıq üçün vacibdir. ABŞ təcrübəsi və investisiyası bu sahələrdə yeni biznes modellərinin formalaşmasına və ixracyönümlü istehsalın artmasına şərait yarada bilər.Ümumilikdə, Strateji Tərəfdaşlıq Xartiyası birbaşa iqtisadi nəticə yaratmır, lakin o, siyasi etimad, institusional əməkdaşlıq və uzunmüddətli sabitlik siqnalı verərək investisiya mühitini gücləndirir. Bu isə enerji sektorunun dərinləşdirilməsi, yaşıl keçid imkanlarının genişlənməsi və qeyri-neft iqtisadiyyatının inkişafı üçün real və praktik imkanlar yarada bilər”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər