“Sülh prosesini uzatmağın fəsadı Ermənistana dəyəcək” – ŞƏRH EDİLDİ
“Azərbaycan-Ermənistan münasibətlərində hazırda bütün proseslər son dərəcə ləng irəliləyir və bunun məhsuliyyəti də Ermənistanın üzərindədir. İlk baxışda proseslərin gedişatında durğunluq görünsə də, buna mütləq durğunluq demək olmaz. Çünki istənilən halda göz görünməyən hərəkətlər var və bunu da gündəmə gətirən Azərbaycan, rəsmi Bakıdır. Bu vəziyyət, post-müharibə şəraiti ilə bağlı belə qala bilməz”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Ermənistan addımları ona heç bir müsbət dəyişiklik və ya gələcək vəd etmir: “Çünki Ermənistan öz subyektliyini itirir və ixtiyarını başqa qüvvələrə verir. Onlar isə Ermənistanın əvəzindən qərarlar qəbul edirlər və bu qərarların Ermənistan üçün heç bir müsbət çalarları yoxdur.
Qondarma vətəndaş missiyasının zamanı iki il daha uzadılır. Ermənistan bununla da nəyəsə nail olduğunu göstərməyə çalışır. Əslində isə bu xarici qüvvələrin, Qərb dairələrinin planıdır. Məqsəd isə bölgədə öz fiziki varlıqlarını təmin etməkdən ibarətdir. Amma Azərbaycan bütün bu addımları anlayır və Ermənistan tərəfini də təsadüflərə bel bağlamamağı xəbərdar edir. Sülh prosesini uzatmağın fəsadı isə məhz Ermənistana dəyəcək”.






