Sumqayıtda dövlət vəsaiti hesabına salınan səkının bir hissəsi qısa müddətdə yararsız hala düşdü - VİDEO
Patrul.az redaksiyasına daxil olan videogörüntülər Sumqayıt şəhərində piyadalar üçün yaradılan infrastrukturun qısa müddətdə yararsız vəziyyətə düşdüyünü ortaya qoyub.
Belə ki, görüntülərin Sumqayıt şəhəri, Bakı küçəsi 40-cı məhəllə ərazisində qeydə alındığı bildirilir. Həmin ərazidə sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün daş piltələrlə yeni səki salınıb.
Lakin iddialara görə, bəzi sürücülər həmin ərazidən avtomobillərin park edilməsi üçün istifadə edir. Nəticədə nəqliyyat vasitələrinin mütəmadi olaraq səki üzərinə çıxması örtüyün qırılmasına və çökməsinə səbəb olub. Videogörüntülərdə piltələrin zədələndiyi və səkinin yararsız hala düşdüyü açıq şəkildə görünür.
Sakinlər bildirirlər ki, bu cür halların qarşısı alınmadıqda həm dövlət vəsaiti hesabına görülən abadlıq işləri zərər görür, həm də piyadalar üçün ciddi təhlükə yaranır.
Günay Salayeva






