media-inshot_20260513_085716631

Süni intellekt (Sİ) texnologiyalarında ən ciddi problemlərdən biri hesab olunan “hallyusinasiya” – yəni sistemin əminliklə yanlış məlumat təqdim etməsi probleminin aradan qaldırılması istiqamətində mühüm elmi nailiyyət əldə olunub.

Patrul.az xəbər verir ki, Cənubi Koreya tədqiqatçıları süni intellektin öz bilik məhdudiyyətlərini tanımasına imkan verən yeni metod hazırlayıblar. Araşdırmanın nəticələri “Nature Machine Intelligence” jurnalında dərc olunub.

Məlumata görə, hazırkı böyük dil modelləri mövzunu tam başa düşmədikdə belə yüksək inam nümayiş etdirərək uydurma cavablar formalaşdırmağa meyllidir. Bu isə dezinformasiyanın yayılmasına və süni intellekt sistemlərinə olan etibarın azalmasına səbəb olur.

Problemin həlli üçün alimlər insan beyninin erkən inkişaf mərhələsini modelləşdirən “İstiləşmə təlimi” adlı yeni yanaşma hazırlayıblar. Sözügedən metod süni intellektə hansı məlumatın qeyri-müəyyən və ya naməlum olduğunu müəyyən etməyi öyrədir.

Beləliklə, sistem tam əmin olmadığı hallarda yanlış məlumat təqdim etmək əvəzinə cavab verməkdən imtina edir və ya “bilmirəm” reaksiyası göstərir.

Tədqiqatçılar bildiriblər ki, yeni texnologiya xüsusilə səhv riskinin minimum olmasının vacib sayıldığı kritik sahələrdə mühüm rol oynayacaq. Metodun avtonom nəqliyyat vasitələrinin idarə olunması, tibbi diaqnostika və insan həyatı ilə birbaşa bağlı digər sistemlərdə təhlükəsizlik və etibarlılığı əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.


Bənzər xəbərlər