media-inshot_20260213_093707793

Süni intellekt texnologiyalarının inkişafı yeni və mübahisəli ideyaları gündəmə gətirir.

Patrul.az xəbər verir ki, “Business Insider”ın yaydığı məlumata görə, Meta şirkəti insanların sosial media hesablarını onların ölümündən və ya uzun fasilə verməsindən sonra da aktiv saxlaya biləcək süni intellekt sistemi üçün patent əldə edib.

Patent sənədində bildirilir ki, sistem böyük dil modeli vasitəsilə istifadəçinin əvvəlki paylaşımlarını, şərhlərini, “layk”larını və digər qarşılıqlı əlaqələrini analiz edir. Toplanan məlumatlar əsasında AI istifadəçinin davranışını imitasiya edə, onun adından paylaşım edə, şərhlərə cavab yaza və müxtəlif reaksiyalar verə bilər.

Sənəddə qeyd olunur ki, bu texnologiya xüsusilə bloqerlər və influenserlər üçün faydalı ola bilər. Belə ki, onlar sosial şəbəkədə fasilə versələr belə, hesablarının aktivliyi qorunub saxlanıla bilər. Eyni zamanda, şirkət bu ideyanın izləyicilər üçün sevilən şəxsin yoxluğundan yaranan boşluğu müəyyən qədər “yumşalda” biləcəyini iddia edir.

Bununla belə, Meta patentin alınmasına baxmayaraq, hazırda bu texnologiyanı real məhsul kimi təqdim etmək planının olmadığını vurğulayıb. Şirkət qeyd edir ki, patent gələcək imkanları əks etdirsə də, onun praktik tətbiqi ilə bağlı konkret qərar yoxdur.

Qeyd edək ki, sözügedən konsept sosial şəbəkələrdə və ekspert dairələrində geniş müzakirələrə səbəb olub. Mütəxəssislər belə texnologiyanın etik, hüquqi və psixoloji tərəflərinin ciddi suallar doğurduğunu bildirirlər. Xüsusilə insan itkisi, yas prosesi və “rəqəmsal ruhlar” anlayışı ilə bağlı narahatlıqlar ön plana çıxır.


Bənzər xəbərlər