“Süni intellekt sülhün davamlılığına dəstək verə bilər” - Politoloq
“ABŞ-nin Azərbaycan–Ermənistan sülh prosesinə yanaşması əsasən vasitəçilik və regionda davamlı sabitliyin təmin olunması prinsiplərinə söykənir. Vaşinqton sülh danışıqlarında tərəflərin maraqlarını tarazlaşdırmağa və uzunmüddətli həll yollarının tapılmasına çalışır, həmçinin regional əməkdaşlıq, iqtisadi inkişaf və təhlükəsizlik məsələlərini ön plana çıxarır”.
Bu sözləri, Patrul.az-a açıqlamasında İnsan Alverinə Qarşı Mübraizə Təşkilatının sədri, politoloq Ramiz Alıyev ABŞ-nin Azərbaycan-Ermənistan arasında sülh prosesinə yanaşmasını və bu prosesdə süni intellekt mövzusunun gündəmə gətirilməsi barədə öz fikirlərini bölüşərkən səsləndirib.
Onun sözlərinə görə, ABŞ-nin texnologiya və süni intellekt sahəsində təşəbbüsləri, Prezident İlham Əliyevin qətiyyətli və nəticəyönümlü siyasəti ilə uzlaşaraq regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə real imkanlar yaradır:
“ABŞ həmçinin texnologiya və innovasiya sahəsində, o cümlədən süni intellektin regionun inkişafına və sülh prosesinə töhfəsi imkanlarını da müzakirə edir. Süni intellektin tətbiqi, məsələn, sərhəd təhlükəsizliyinin təmin edilməsi, iqtisadi layihələrin optimallaşdırılması və məlumat analizinin gücləndirilməsi kimi sahələrdə sülhün davamlılığına dəstək verə bilər. Cənab Prezident İlham Əliyevin bu prosesdəki rolu strateji, qətiyyətli və nəticəyönümlü siyasətə əsaslanır. Azərbaycan Prezidenti hər iki tərəfi dialoqa təşviq edərək, regionda sülhün və stabilliyin təmin olunmasına mühüm töhfə verir. Prezidentin konkret və qətiyyətli mövqeyi nəticəsində artıq bölgədə əməkdaşlıq kanalları açılmış, tərəflər arasında qarşılıqlı anlaşma və etimadın yaradılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır”.

Politoloq vurğulayır ki, süni intellektin sülh gündəminə daxil edilməsi İlham Əliyevin strateji siyasəti fonunda Azərbaycan-Ermənistan dialoqunun daha şəffaf, effektiv və dayanıqlı şəkildə inkişafına xidmət edir:
“Süni intellektin gündəmə gətirilməsi isə region üçün innovativ yanaşmanın nümunəsi kimi qiymətləndirilə bilər. Bu, yalnız diplomatik prosesləri sürətləndirmək deyil, həm də iqtisadi və təhlükəsizlik sahələrində effektiv qərarların qəbuluna imkan yaradır. Nəticədə Azərbaycan-Ermənistan münasibətlərində dialoqun davamlı, şəffaf və modern üsullarla möhkəmləndirilməsi mümkündür. Azərbaycan Prezidenti tərəfindən aparılan strateji siyasət və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq, süni intellekt və digər texnoloji alətlərin sülh prosesində tətbiqinə şərait yaradır, bununla da regionda dayanıqlı inkişaf və sabitliyin təmin olunmasına xidmət edir”.
Cəmilə Cəfərzadə






