media-inshot_20260105_185645653

Son illərdə süni intellekt əsaslı platformaların geniş yayılması insanların emosional və psixoloji mövzularda ünsiyyət qurma formasını da dəyişib. Bir çox insan real həyatda utanma, anlaşılmamaq qorxusu və ya mühakimə olunacağı düşüncəsi səbəbindən problemlərini başqaları ilə bölüşməkdə çətinlik çəkir. Bu halda süni intellektlə ünsiyyət anonimlik, daim əlçatanlıq və neytral yanaşma hissi yaratdığı üçün daha rahat və təhlükəsiz bir çıxış yolu kimi görünə bilir.

Bu davranışın psixoloji əsasları nələrdir və süni intellektlə qurulan bu cür ünsiyyət real psixoloqla əlaqəni əvəz edə bilərmi?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, insanlar psixoloji rahatlama və emosional dəstək üçün süni intellekt platformalarına müraciət edirlər, çünki bu, mühakimə olunmadan duyğularını ifadə etməyə imkan verir:

“Son dövrlərdə insanların psixoloji çətinliklərini süni intellekt platformaları ilə bölüşməsi getdikcə daha çox müşahidə olunur. Bu meyl təsadüfi deyil və bir neçə mühüm psixoloji faktorla izah olunur. Əvvəla, bu davranışın əsas səbəblərindən biri insanların mühakimə olunmaq qorxusudur. Bir çox şəxs real ünsiyyətdə öz emosiyalarını açıq ifadə edərkən tənqid ediləcəyindən, yanlış başa düşüləcəyindən və ya zəif görünəcəyindən ehtiyat edir. Süni intellektlə ünsiyyətdə isə qarşı tərəfin emosional reaksiyası olmadığı üçün insan özünü daha təhlükəsiz və rahat hiss edir. Bu, xüsusilə emosional həssaslığı yüksək olan şəxslər üçün müvəqqəti psixoloji rahatlama yarada bilər. İkinci mühüm məqam emosiyaların ifadə olunması və düşüncələrin strukturlaşdırılması ilə bağlıdır. Psixoloji gərginlik yaşayan insanlar çox zaman daxili yaşantılarını sözə çevirməkdə çətinlik çəkirlər. Süni intellektlə yazılı dialoq düşüncələrin ardıcıllıqla ifadəsinə, problemin daha aydın dərk edilməsinə və emosional gərginliyin qismən azalmasına şərait yaradır. Bu baxımdan süni intellekt özünü tənzimləmə mexanizmi kimi qısamüddətli fayda verə bilər. Bununla yanaşı, bu hal sosial və emosional təklik amili ilə də sıx bağlıdır. Müasir cəmiyyətdə insanlar fiziki olaraq ünsiyyətdə olsalar da, emosional baxımdan tez-tez tək qalırlar. Dinləyən, anlayan və emosional dəstək verən bir fiqurun çatışmazlığı insanı alternativ axtarışlara yönəldir. Süni intellekt bu boşluğu müvəqqəti doldura bilsə də, uzunmüddətli psixoloji ehtiyacları qarşılamaq gücündə deyil”.

media-img-20260105-wa0040

Psixoloq vurğulayır ki, süni intellekt faydalı köməkçi ola bilər, amma real psixoloqun canlı ünsiyyətini və terapevtik təsirini əvəz edə bilməz:

“Əsas məsələ süni intellektin real psixoloqla ünsiyyəti əvəz edib-etməməsidir. Elmi və praktik baxımdan bu sualın cavabı mənfidir.Psixoterapiya yalnız məsləhət və informasiya ötürülməsi prosesi deyil. Bu, empatiya, emosional rezonans, terapevtik münasibət, qeyri-verbal siqnalların oxunması, transfer və kontrtransfer kimi mürəkkəb psixoloji mexanizmlərə əsaslanan canlı bir prosesdir. Süni intellekt bu komponentlərin heç birini tam şəkildə təmin edə bilməz. Ona görə də, süni intellekt psixoloji maarifləndirmə, ilkin istiqamətləndirmə və emosional boşalma baxımından faydalı köməkçi vasitə sayıla bilər. Lakin davamlı psixoloji narahatlıq, daxili konfliktlər, münasibət problemləri və ya psixi sağlamlığa təsir edən hallar zamanı real psixoloqla canlı ünsiyyət əvəzolunmazdır. Əsl psixoloji dəyişiklik və sağalma yalnız peşəkar terapevtik münasibət çərçivəsində mümkündür.

Bu baxımdan süni intellekti psixoloqun alternativi deyil, ehtiyac yarandıqda insanı mütəxəssisə yönləndirən bir körpü kimi dəyərləndirmək daha doğru olar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər