media-435569d6-1eca-4829-baf0-eecc533275eb

Zamanın axarı ilə insanlıq texnoloji inqilabın dərinliklərinə doğru irəliləyir. Bu inqilabın önündə gedən sahələrdən biri də süni intellektdir. ChatGPT kimi proqramlar gündəlik həyatda, elmdə, təhsildə və hətta yaradıcı sahələrdə insanlara kömək edən vasitələrə çevrilib. Lakin bu inkişafın arxa tərəfində cəmiyyətləri düşündürməli olan daha ciddi və mənəvi bir məsələ dayanır: insanların Yaradanla bağlarının zəifləməsi.

Əvvəllər bir insan qarşısına çıxan çətinliklərlə üzləşdiyi zaman saatlarla, günlərlə düşünür, ağlını işə salır, çıxış yolu axtarırdı. Əgər nəticə əldə edə bilmirdisə, sonda ümidini Yaradanına bağlayır, dua edir, ruhən bir ünsiyyət qururdu. Bu proses həm düşüncə qabiliyyətinin dərinləşməsinə, həm də mənəvi gücün möhkəmlənməsinə səbəb olurdu.

Lakin bu gün süni intellektin əlçatanlığı insanlarda fərqli bir refleks formalaşdırıb: düşünmək yerinə axtar, dua yerinə soruş. İnsan hansısa məsələdə çətinliklə qarşılaşdıqda, artıq öz daxili gücünü və mənəvi dəstək ehtiyacını xatırlamadan, bir düymə ilə AI proqramına müraciət edir. Bu isə həm zehni tənbəlliyin yayılmasına, həm də mənəvi bağlılıqların zəifləməsinə gətirib çıxarır.

Bu prosesin daha təhlükəli tərəfi odur ki, insan özünü daha az aciz hiss edir. Halbuki insanın acizliyini qəbul etməsi, Yaradanla əlaqəsinin əsas şərtlərindən biridir. Süni intellekt isə bu ehtiyacı “əvəzləyən” funksiyada çıxış etdikcə, dua edən insan yerini sorğu verən insana verir.

Əlbəttə, texnologiyanın istifadəsi təbiidir və müəyyən dərəcədə faydalıdır. Amma bu faydanın qarşılığı insanın mənəvi təkamülündən imtinası olmamalıdır. Süni intellekt insana kömək edən bir vasitə olmalı, onu Yaradanından ayıran bir vasitə deyil.

Bu səbəbdən, cəmiyyətlər təkcə texniki savadlılığı deyil, mənəvi məsuliyyəti də inkişaf etdirməlidirlər. Unutmayaq ki, hər hansısa bir texnologiya vasitəsi ilə sürətlə cavab almaq bizi Yaradanın hikmətindən və insan olaraq varlığımızın dərin məqsədindən uzaqlaşdırmamalıdır.

Patrulaz.az saytının baş redaktoru Səməndər Niftəliyev


Bənzər xəbərlər