media-inshot_20260316_100752525

İllər keçdikcə insanların ünsiyyət qurma vasitələri, məlumat əldə etmə metodları, maraq dairəsi və baxış bucağı dəyişir. Artıq müasir cəmiyyətimizdə süni intellektlə formalaşan yeni bir baxış bucağı yaranıb. XX əsrin 50-ci illərində insanlar “görəsən indi ekranda nə göstərəcəklər?” deyə düşünürdülərsə, XXI əsrdə “ChatGPT-dən nə soruşum?” sualı ətrafında düşünürlər.

Texnologiyanın inkişafı ilə yanaşı, insan həyatı üçün müəyyən risklər də yaranır və bəzən reallıqdan uzaq bir mühit formalaşır. 2022-ci ildən etibarən həyatımıza daxil olan chatbotlar özləri ilə “saxta” və “reallığı əks etdirməyən” məzmunların yayılması riskini də gətirdi. Süni intellekt artıq sadəcə bir “yenilik” deyil, gündəlik iş alətinə çevrilib. Bu gün demək olar ki, bir çox sahədə ChatGPT kimi texnologiyalardan istifadə olunur.

Lakin bu texnologiyadan yalnız faydalı və iş məqsədləri üçün deyil, həm də saxta videolar hazırlamaq, kimisə gözdən salmaq, şər və qarayaxma kampaniyaları aparmaq, şantaj və təhdid məqsədləri üçün də istifadə halları müşahidə olunur. Zaman keçdikcə dövlətlər də bu texnologiyanın yaratdığı risklərə qarşı müxtəlif tədbirlər görməyə başlayıblar.

Belə ölkələrdən biri də İtaliya olub. İtaliyanın Məlumatların Mühafizəsi Qurumu (Garante) fərdi məlumatların məxfiliyi ilə bağlı narahatlıqlara görə ChatGPT-ni ölkə ərazisində müvəqqəti olaraq bloklamışdı. OpenAI lazımi təhlükəsizlik tədbirlərini gördükdən sonra 2023-cü ilin aprelində xidmətə giriş yenidən bərpa edildi. Bu sahədə məhdudiyyət və tənzimləmələr tətbiq edən ölkələr arasında Çin, Cənubi Koreya və digərləri də var.

Azərbaycanda da yayılan “fake” videoların və dezinformasiyaların çoxluğu nəzərə alınaraq süni intellektlə bağlı qanunvericiliyə yeni dəyişikliklər təklif olunub. Bu dəyişikliklərə əsasən, şəxsin razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə süni intellekt vasitəsilə pornoqrafik və ya seksual məzmunlu materialların hazırlanmasına və yayılmasına görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Həmçinin süni intellekt vasitəsilə hazırlanmış foto, video və ya audiomaterialların xüsusi nişanlanma olmadan yayılmasına görə cərimə tətbiq ediləcək.

Burada “nişanlanma” dedikdə nə nəzərdə tutulur? Ümumilikdə, süni intellektlə bağlı qanunvericilikdə ən vacib hüquqi mexanizmlər hansılar olmalıdır?

Bu barədə Patrul.az-a vəkil Asim Abbasov öz təcrübəsini bölüşüb.

Onun sözlərinə görə, yeni dəyişikliklər cərimə ilə yanaşı, azadlıqdan məhrumetmə ilə də nəticələnə bilər:

“Son dövrlərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı ilə yanaşı, bu texnologiyalardan sui-istifadə halları da artmaqdadır. Xüsusilə “deepfake” adlandırılan texnologiyalar vasitəsilə şəxsin görüntüsü və ya səsindən istifadə edilərək reallığı əks etdirməyən materialların hazırlanması artıq bir çox ölkədə hüquqi tənzimləmə predmetinə çevrilib.
Ölkəmizin qanunvericiliyinə təklif edilən dəyişikliklər də məhz bu risklərin qarşısının alınmasına yönəlib. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub. Layihəyə əsasən, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılması təklif edilir.
Təcrübədə bu cür materiallar çox vaxt şəxsin nüfuzuna zərər vurmaq, şantaj etmək və ya reputasiya hücumları həyata keçirmək məqsədilə istifadə olunur. Buna görə də belə əməllərin cinayət məsuliyyəti ilə müşayiət olunması beynəlxalq qanunvericiliyə də uyğundur”.

media-inshot_20260316_100331756

A.Abbasov bu qanunvericilikdə “nişanlanma”nın mənasını da izah edib:

“Digər mühüm dəyişiklik isə süni intellekt vasitəsilə hazırlanmış materialların xüsusi nişanlanma olmadan yayılmasına görə cərimə tətbiqi ilə bağlıdır. “Nişanlanma” dedikdə həmin foto, video və ya audiomaterialın süni intellekt texnologiyaları vasitəsilə hazırlandığını göstərən vizual, səsli və ya mətn əsaslı işarə nəzərdə tutulur. Yəni istifadəçi həmin materialın real hadisəni deyil, süni intellekt vasitəsilə yaradılmış kontenti əks etdirdiyini aydın şəkildə görə bilməlidir. Bu mexanizm xüsusilə informasiya manipulyasiyasının və ictimai rəyin saxtalaşdırılmasının qarşısını almaq baxımından əhəmiyyətlidir. Çünki süni intellekt vasitəsilə yaradılan görüntülər çox vaxt real hadisə kimi təqdim edilə bilir və bu da cəmiyyət üçün ciddi informasiya təhlükəsizliyi riskləri yaradır”.

Həmsöhbətimiz süni intellektlə bağlı qanunvericilikdə əsas olan hüquqi mexanizmləri də sadalayıb:

“Ümumilikdə hesab edirəm ki, süni intellekt sahəsində qanunvericiliyin inkişafı üçün bir neçə əsas hüquqi mexanizm xüsusilə vacibdir. Birincisi, deepfake texnologiyalarından sui-istifadəyə görə aydın və konkret cinayət məsuliyyətinin müəyyən edilməsi. Bu, şəxsin şəxsi həyatının qorunması üçün vacibdir. İkincisi, süni intellektlə yaradılan kontentin şəffaflığını təmin edən nişanlanma və açıqlama mexanizmləri. İstifadəçi hansı materialın real, hansının isə süni intellekt tərəfindən yaradıldığını bilməlidir.

Beynəlxalq təcrübəyə baxdıqda, xüsusilə Avropa İttifaqının qəbul etdiyi AI Act və bir sıra ölkələrin deepfake-lərlə bağlı xüsusi hüquqi tənzimləmələri diqqəti cəlb edir. Qanun yalnız hərbi, milli təhlükəsizlik, tədqiqat və qeyri-peşəkar məqsədlər üçün istifadə edilən süni intellekt sistemləri istisna olmaqla, qalan sahələr üzrə bütün növ süni intellekt sistemlərini əhatə edir. Bu ölkələrdə süni intellektlə yaradılan materialların şəffaflığı, şəxsi məlumatların qorunması, seçki prosesinə və ictimai rəyə təsir edə biləcək manipulyasiyaların qarşısının alınması kimi məsələlər ayrıca hüquqi mexanizmlərlə tənzimlənir. Hesab edirəm ki, Azərbaycan qanunvericiliyində də gələcək mərhələdə süni intellekt texnologiyalarının risk səviyyəsinə görə kateqoriyalara bölünməsi, yüksək riskli sistemlər üçün xüsusi nəzarət mexanizmlərinin tətbiqi və vətəndaşların rəqəmsal hüquqlarının qorunması kimi məsələlərin ayrıca tənzimlənməsi məqsədəuyğun olardı.

Ümumilikdə bu dəyişikliklər rəqəmsal mühitdə insan hüquqlarının, şəxsi həyatın və informasiya təhlükəsizliyinin qorunması baxımından mühüm addım kimi qiymətləndirilə bilər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər