media-inshot_20260429_151154347

Müasir dövrdə süni intellekt texnologiyalarının sürətlə inkişafı müxtəlif sahələrdə olduğu kimi hüquq sistemində də yeni müzakirələrə səbəb olmuşdur. Xüsusilə süni intellekt vasitəsilə əldə edilən məlumatların və ya hazırlanan materialların məhkəmə proseslərində sübut kimi təqdim olunması məsələsi aktualdır. Bu cür məlumatların etibarlılığı, əldə olunma üsulu, texniki doğruluğu və hüquqi standartlara uyğunluğu bəzən mübahisə doğurur və məhkəmələr tərəfindən fərqli yanaşmalarla qiymətləndirilə bilər.

Süni intellekt vasitəsilə əldə edilən məlumatların və ya sübutların məhkəmə prosesində hansı hallarda qəbul edilməsi mümkündür və hansı hallarda etibarsız sayılır?

Bu barədə AR Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, süni intellektin verdiyi məlumatlar mülki məhkəmədə yalnız yoxlanılıb təsdiqləndikdə və sübut tələblərinə uyğun olduqda nəzərə alınır:

“Süni intellekt vasitəsilə əldə edilən məlumatlar mülki məhkəmə prosesində birbaşa və müstəqil sübut kimi deyil, yalnız insan tərəfindən təhlil edilə bilən, yoxlanıla bilən və təsdiqlənən məlumat kimi qiymətləndirilə bilər. Mülki Prosessual Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, sübut iş üçün əhəmiyyətli halları müəyyən etməyə imkan verən və qanunla müəyyən edilmiş qaydada əldə olunan məlumatdır; bu məlumat yazılı sübut, maddi sübut, ekspert rəyi, səs və video yazı, şahid ifadəsi və ya tərəflərin izahatı formasında təqdim oluna bilər. Buna görə süni intellektin verdiyi nəticə yalnız onun mənbəyi, əldə edilmə qaydası, həqiqiliyi və işə aidiyyəti müəyyən edildikdə nəzərə alına bilər”.

media-inshot_20260429_150839913

R. Qaraşov qeyd edir ki, AI nəticələri yalnız ekspert yoxlaması ilə təsdiqləndikdə sübut sayılır:

“Elektron materiallar üzrə MPM-in 89.2-ci maddəsi həmin materialların həqiqiliyinin müəyyən olunmasını, səs və video yazılar üzrə isə 95.1-ci maddə yazının nə vaxt, kim tərəfindən və hansı şəraitdə aparıldığının göstərilməsini tələb edir.

Bu cür məlumatların doğruluğu adətən xüsusi bilik tələb etdiyindən onların təsdiqi ekspertlər tərəfindən aparıla bilər. MPM-in 97-ci maddəsinə əsasən, iş üzrə xüsusi bilik tələb edən məsələlər yarandıqda məhkəmə ekspertiza təyin edə bilər. Məsələn, süni intellektin hazırladığı texniki analiz, səsin mətnə çevrilməsi, görüntünün dəyişdirilib-dəyişdirilməməsi və ya elektron məlumatların emalı nəticəsi ekspert tərəfindən yoxlanılmadıqca məhkəmə üçün həlledici sübut əhəmiyyəti daşımır”.

Vəkilin sözlərinə görə, süni intellekt nəticələri yalnız qanuni, yoxlanıla bilən və işə aid olduğu halda sübut kimi nəzərə alına bilər, əks halda qəbul edilmir”

“Eyni zamanda, 76.3-cü maddəyə görə qanunsuz əldə edilmiş məlumatlardan istifadə edilə bilməz, 80-ci maddəyə əsasən isə sübut işə aid olmalıdır. 88 və 103-cü maddələrə görə məhkəmə bütün sübutları sərbəst qiymətləndirir və heç bir sübut, o cümlədən ekspert rəyi də məhkəmə üçün əvvəlcədən məcburi qüvvəyə malik deyil.

Xarici təcrübədə də süni intellekt nəticələrinə avtomatik sübut qüvvəsi verilmir; ABŞ və Avropa yanaşmasında əsas meyarlar nəticənin izah edilə bilməsi, texniki cəhətdən yoxlanılması və tərəflərin onu mübahisələndirmək imkanının olmasıdır. Buna görə süni intellekt məhkəmədə hakimin və ya ekspertin qiymətləndirməsini əvəz etmir, yalnız ekspert tərəfindən təsdiqləndikdə digər sübutlarla birlikdə köməkçi məlumat kimi nəzərə alınır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər