Süni intellektlə icazəsiz səs yazısı və ya görüntü istifadə edənləri hansı cəzalar gözləyir? - AÇIQLAMA
“Qanunvericiliyə görə süni intellekt (AI) texnologiyalarından istifadə edərək şəxsin razılığı olmadan onun görüntüsünü və ya səsini manipulyasiya edənlər, saxta materiallar (deepfake) hazırlayan və yayanlar cinayət məsuliyyətinə cəlb edilir.
Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib”.
Bu sözləri süni intellektlə icazəsiz səs yazısı və ya görüntü istifadə edənlərə tətbiq edilə biləcək cəzalar barədə Patrul.az-a danışan Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
Hüquqşünas bildirib ki, qanuna əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq:
“Qanuna görə, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və yaxın qohuçlarına qarşı tör\dildikdə 3-ildən 5 ilədək müddətə azadlıq məhrum etmə ilə cəzalandırılər”.

“Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”,– deyə o sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






