media-inshot_20260119_141046630

Suriyada hökumət qüvvələri ilə YPG/SDQ terror təşkilatı arasında atəşkəs razılaşması əldə olunub.

Patrul.az yerli Suriya mediasına istinadən xəbər verir ki, razılaşma Suriya Prezidenti Əhməd Şara ilə YPG/SDQ terror təşkilatının nümayəndələri arasında imzalanıb.

Razılaşmanın şərtlərinə əsasən, Suriya hökumət qüvvələri ilə YPG/SDQ arasında bütün cəbhələrdə və təmas xətlərində hərtərəfli və dərhal atəşkəs elan ediləcək. Eyni zamanda, təşkilatın bütün üzvləri Fərat çayının şərqinə çəkiləcək.

Sənədə görə, Deyr əz-Zor və Rakka əyalətləri dərhal və tam şəkildə inzibati və hərbi baxımdan Suriya hökumətinə təhvil veriləcək. YPG/SDQ-nin nəzarətində olan Haseke əyalətindəki bütün mülki qurumlar isə Suriyanın dövlət strukturlarına inteqrasiya olunacaq.

Razılaşmaya əsasən, ölkə ərazisindəki bütün enerji resursları və sərhəd-keçid məntəqələri də Suriya dövlətinin nəzarəti altına keçəcək.

Atəşkəs xəbəri Suriyada böyük sevincə səbəb olub. Yerli sakinlər küçələrə axışaraq bayram ediblər, bəzi vətəndaşlar avtomobillərlə şəhər daxilində gəzib, meydanlarda atəşfəşanlıq təşkil ediblər.

Qeyd olunur ki, razılaşmadan sonra cəbhə xəttində gərginlik azalıb, bölgədə nisbi sakitlik yaranıb.

Xatırladaq ki, bir neçə müddət bundan əvvəl başlayan və yanvarın 10-da şiddətlənən YPG/SDQ terror təşkilatının hücumları nəticəsində Hələb şəhərinin Şeyx Maqsud məhəlləsi ələ keçirilmişdi. Bundan sonra Suriya hökuməti onlara qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. Təhlükəsizlik məqsədilə məhəllə sakinləri ərazidən təxliyə edilmişdi.

Gülbəniz Səfərova


Bənzər xəbərlər