Sürücülərdə bel ağrıları: səbəblər və qorunma yolları - Fizioterapevt Əziz Dərvişovdan AÇIQLAMA
Sürücülərdə bel ağrıları müasir dövrdə ən çox rast gəlinən peşə problemlərindən biridir.
Məsələ ilə bağlı uzman fizioterapevt Əziz Dəvrişov Patrul.az-a açıqlamasında bunları bildirib:

Uzun müddət fasiləsiz oturmaq, düzgün olmayan oturuş vəziyyəti, bel üçün kifayət qədər dəstəyin olmaması və avtomobilin yaratdığı davamlı vibrasiya onurğa sütununa ciddi yük salır.

Bu zaman bel əzələləri zəifləyir, fəqərələrarası disklərə düşən təzyiq artır və nəticədə ağrılar tədricən xroniki hala keçir. Əgər bu amillərə vaxtında müdaxilə olunmazsa, bel ağrıları təkcə narahatlıq yaratmır, həm də:
hərəkət məhdudiyyəti
daimi əzələ spazmı
disk yırtığı riskinin artması
ilə nəticələnə bilər.
Onurğa sağlamlığını qorumaq üçün sürücülər düzgün oturuş pozisiyasına diqqət etməlidirlər. Oturacaq belin təbii əyriliyini (lordozunu) dəstəkləməli, sükanla məsafə rahat şəkildə tənzimlənməlidir.
Hər 40–60 dəqiqədən bir:
avtomobildən düşmək,
yüngül gərilmə və hərəkətlər etmək,
bel və qarın əzələlərini gücləndirən məşqlər icra etmək
profilaktikanın əsas şərtləri hesab olunur.
Fizioterapevtin sözlərinə görə, düzgün vərdişlər, vaxtında profilaktika və fizioterapiya müdaxiləsi ilə onurğa sağlamlığını qorumaq mümkündür.






