Sürücülərə XƏBƏRDARLIQ: Bu zonalarda sürət həddini aşanlar dərhal cərimələnəcək!
Son dövrlərdə Bakının bir çox ərazilərində ağıllı radar sistemlərinin tətbiqinə başlanılması yol hərəkətinin tənzimlənməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu texnologiyaların əsas məqsədi sürət həddinə nəzarəti gücləndirmək və qayda pozuntularının qarşısını almaq kimi təqdim olunur. Lakin bəzi sürücülər bu addımın daha çox cərimə mexanizmini genişləndirməyə xidmət etdiyini düşünür.
Bəs, ağıllı radar sistemləri yol hərəkəti təhlükəsizliyini real şəkildə artıracaq, yoxsa sadəcə cərimə mexanizmini gücləndirməklə kifayətlənəcək?
Mövzu ilə bağlı Patrul.az-a danışan nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, beynəlxalq təcrübə göstərir ki, ağıllı radarlar müəyyən zonalarda sürətə nəzarəti gücləndirərək təhlükəsizliyi artırır:
“Beynəlxalq təcrübəyə baxdıqda, təbii ki, bunun effekt verəcəyi gözlənilir. Çünki Bakı şəhərində elə istiqamətlər var ki, məsələn, aeroport yolunun bəzi hissələrində sürücülər qaydalara tam riayət etmirlər. Lakin bunu bilən sürücü istəsə belə, müəyyən edilmiş icazə verilən sürət həddini aşmayacaq. Bu isə, təbii ki, təhlükəsizlik baxımından müsbət haldır.
Adətən bu sistem bütün prospekti əhatə etmir, yalnız müəyyən zonalara tətbiq olunur. Məsələn, xarici təcrübədə də görürük ki, xüsusi olaraq “ağıllı radar zonası” qeyd olunur və zona bitdikdə bu barədə ayrıca məlumat verilir. Yəni qaydalara görə belə olmalıdır”.

Ekspertin sözlərinə görə, sistem bütün prospekti deyil, yalnız müəyyən hissələri əhatə edərək sürücüləri intizama yönəldir:
“Qeyd etdiyim kimi, bu sistem prospektin əvvəlindən sonuna qədər bütün ərazini əhatə etmir. Sadəcə müəyyən məsafələrdə tətbiq olunur və həmin hissələrdə sürücüləri intizama gətirən bir mexanizm kimi çıxış edir. Əgər beynəlxalq təcrübədə bu üsul effektivdirsə, deməli, bizdə də eyni nəticəni verməsi gözləniləndir”.
Cəmilə Cəfərzadə






