media-d77de9f0-6984-4223-8458-0e256b94ebeb

Sabunçu rayonu Ramana qəsəbəsinin “ikinci sahə” adlanan ərazisində günlərlə davam edən su problemi artıq dözülməz həddə çatıb. Yayın ən isti günlərində suyun yalnız səhər saat 6-7 radələrində verilib, saat 18:00-dan etibarən tamamilə kəsilməsi sakinləri ciddi çətinliklərlə üz-üzə qoyub. Artıq bir gündən çoxdur ki, ərazidə su ümumiyyətlə yoxdur və bu barədə heç bir qabaqlayıcı xəbərdarlıq edilməyib.

Ən acınacaqlı vəziyyəti həyətində ehtiyat su çəni olmayan ailələr yaşayır. İnsanlar içməli və məişət suyu qıtlığından əziyyət çəkir, yaşlılar, uşaqlar və xəstələr isti hava şəraitində daha da böyük risk altına düşür. Bundan əlavə, sakinlərin bağ sahələrində əkdiyi meyvə-tərəvəzlər də sulanmadığı üçün quruyur və zay olur. Su xüsusilə bitkilərin suvarılmalı olduğu axşam saatlarında kəsildiyindən, yaşıllıqlar və kənd təsərrüfatı məhsulları da məhvə sürüklənir.

Sakinlərin ən çox etiraz etdiyi məqamlardan biri isə suyun verildiyi zamanlarda baş verir: onların sözlərinə görə, kranlar açıldıqdan sonra təxminən 30 dəqiqə boyunca borulardan yalnız hava gəlir. Bu müddətdə isə su sayğacları işləməyə davam edir və faktiki olaraq su gəlmədiyi halda vətəndaşlardan ödəniş tələb olunur. Yerli sakinlər iddia edir ki, bu vəziyyət su itkisindən doğan yeyintiləri kompensasiya etmək məqsədilə bilərəkdən həyata keçirilir.

Ən narahatedici məqamlardan biri də budur ki, bu qədər uzunmüddətli kəsintilərlə bağlı əvvəlcədən heç bir rəsmi xəbərdarlıq edilməyib. Nə “Azərsu” ASC, nə də digər aidiyyəti qurumlar problemin səbəbi və nə vaxt aradan qaldırılacağı ilə bağlı ictimaiyyətə məlumat verməyiblər.

Patrulaz.az olaraq qeyd edirik ki, bu cür idarəçilik anlayışı insan haqlarının və ictimai etimadın açıq-aşkar pozulmasıdır. Sakinlər həm susuz qalır, həm də su pulunu “hava” üçün ödəməyə məcbur edilir. Aidiyyəti qurumlardan dərhal məsələyə aydınlıq gətirməyi və Ramana qəsəbəsinin su problemi ilə bağlı təcili tədbirlər görməyi xahiş edirik.


Bənzər xəbərlər