Svetoforda xaos: Xırdalanda qaraçı uşaqlar sürücüləri qorxuya salır - VİDEO
Xırdalan yolunda qaraçı uşaqlar nəqliyyat vasitələrinin hərəkətinə mane olur.
Patrulaz.az xəbər verir ki, Bakı şəhəri Xırdalan yolu, “120-nin işıqforu” deyilən ərazidə bir qrup qaraçı uşaq hərəkətdə olan avtomobillərin qarşısını kəsərək sürücüləri narahat edir və təhlükəli vəziyyət yaradır.
Şahidlərin sözlərinə görə, həmin uşaqlar svetoforun qırmızı işığında dayanan avtomobillərə yaxınlaşır, bəzi hallarda isə özlərini nəqliyyat vasitələrinin üzərinə atırlar. Nəticədə onlar həm avtomobillərin təhlükəsiz hərəkətinə mane olur, həm də qəzanın baş vermə riskini artırır.
Hadisə zamanı avtomobildə olan qadın qaraçı uşaqların təzyiqinə məruz qalıb. Belə ki, avtomobildən içəriyə doğru boylanan uşaqlardan biri orada əyləşən qadının əlindən tutaraq saxlayıb.
Bundan sonra qadın “Əlimi burax, svetoforun yaşıl işığdan keçməliyik”, desə də, uşaqlar əl çəkməyib. Üstəlik, qadının hadisəni mobil telefonla qeydə aldığını görən qaraçılardan biri ona hücum da edib.
Sürücülər və sakinlər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və ərazidə təhlükəsizliyin təmin olunmasını xahiş edirlər.
Qeyd edək ki, bu ərazi gündəlik intensiv nəqliyyat axınına malik olmaqla yanaşı, piyadaların da sıx hərəkət etdiyi yol qovşaqlarından biridir.
Gülbəniz Səfərova