media-3b37275b-1564-4079-90ca-45692d05e2b0

Patrul.az qaynar xəttinə videogörüntü göndərərək müraciət edən taksi sürücüsü müştəri tərəfindən aldadıldığını iddia edib.

Sürücünün sözlərinə görə, o, Pirşağı qəsəbəsindən paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Nərimanov heykəlinin yaxınlığına taksi sifarişi qəbul edib. Səfərin sonunda xidmət haqqı 9 manat 90 qəpik təşkil edib.

İddiaya əsasən, təyinat nöqtəsinə çatdıqdan sonra müştəri ödənişi bank kartı vasitəsilə edəcəyini bildirib. Daha sonra yaxınlıqda bir qızla görüşəcəyini, üzərində nəğd pul olmadığını deyərək taksi sürücüsündən kömək istəyib.

Taksi sürücüsünün bildirdiyinə görə, müştəri onun üzərində nə qədər nəğd pul olduğunu soruşub. Sürücü üzərində 25 manat olduğunu dedikdən sonra sərnişin həmin məbləği ona verməsini, əvəzində isə kart vasitəsilə ümumilikdə 35 manat köçürəcəyini bildirib.

Sürücü iddia edir ki, 25 manatı müştəriyə verdikdən sonra qarşı tərəf telefonunda 35 manat məbləğində köçürmə etdiyini göstərib. Daha sonra isə avtomobildən düşərək ərazidən uzaqlaşıb.

Lakin sürücü bank tətbiqini yoxladıqda hesabına hər hansı vəsaitin daxil olmadığını görüb. Onun sözlərinə görə, sonradan müştərinin mobil nömrəsinə dəfələrlə zəng etsə də, zənglər cavabsız qalıb.

Hadisədən sonra taksi sürücüsü müştərini götürdüyü ünvana yollandığını bildirib. Onun iddiasına görə, həmin ünvandan çıxan şəxslər sözügedən şəxsi tanıdıqlarını, onun müxtəlif vaxtlarda digər insanları da oxşar üsullarla aldatdığını və artıq bu hərəkətlərindən bezdiklərini bildiriblər.

Taksi sürücüsü baş verən hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini qeyd edib.

Qeyd edək ki, hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb.


Bənzər xəbərlər