media-img-20251229-wa0042

Parlament iclasında taksilərin avtobus zolaqlarından istifadəsinə icazə verilməməsi ilə bağlı təkliflər gündəmə gəlib. Bu dəyişiklik həyata keçirilərsə, şəhərdaxili nəqliyyatın təşkili, sərnişinlərin gündəlik hərəkəti və taksi xidmətlərindən istifadə imkanları baxımından müəyyən təsirlərin olacağı istisna edilmir. Mövzu həm ictimai nəqliyyatın axıcılığı, həm də vətəndaş məmnunluğu kontekstində müzakirə olunur.

Bəs bu dəyişiklik nə dərəcədə faydalı ola bilər və hansı təsirlərə səbəb ola bilər?

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Patrul.az-a açıqlamasında bildirib ki, taksilərin ictimai nəqliyyatın bir hissəsi kimi daha səmərəli fəaliyyət göstərməsi üçün avtobus zolaqlarından istifadənin və sərnişinlərin düşmə-minmə şəraitinin düzgün təşkili vacib hesab olunur:

“Taksilərin zolaqlara daxil olması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Avtobus zolaqlarının çəkilməsi zamanı əvvəldən belə bir təklif mövcud idi ki, taksilərin bu zolaqlardan birgə istifadəsi mümkün olsun və bununla bağlı mütəmadi olaraq mediada fikirlərimizi səsləndirmişik. Bu gün avtobus zolaqlarından birgə istifadə məsələsində taksilər də ictimai nəqliyyatın bir hissəsi kimi dəyərləndirilir. Ona görə də taksilərin ictimai nəqliyyat sistemində daha aparıcı qüvvəyə çevrilməsi üçün onlar üçün müvafiq şərait yaradılmalıdır.Xüsusilə düşmə-minmə sahələrinin sayının artırılması vacibdir. Çünki bu nöqtələr nə qədər çox olarsa, vətəndaş məmnunluğu da bir o qədər artar və sərnişinlər istifadə etdikləri ərazilərdə özlərini daha komfortlu hiss edərlər. Bu məsələ bizim üçün əsas prioritet olmalıdır və həmin prioritetin məqsədi də buna xidmət etməlidir”.

media-img-20251229-wa0040

Ekspert sözlərinə görə, taksilər üçün lazımi şərait və nəzarət təmin olunmadıqda avtobus zolaqlarından birgə istifadə sui-istifadə və xaosa yol aça bilər:

“Əks halda, taksilərin avtobus zolaqları ilə birgə fəaliyyəti sui-istifadə hallarına gətirib çıxara bilər. Bu baxımdan mütləq müasir və nəzarətli bir yanaşma tətbiq edilməlidir. Əgər sui-istifadə hallarına yol verilərsə, əvvəlki xaotik hərəkətlilik yenidən təkrarlana bilər. Taksilərin ictimai nəqliyyatın bir hissəsinə çevrilməsi üçün mühüm addımlar atılmasının vaxtıdır. O cümlədən, taksilər üçün müvafiq şəraitin yaradılması, xüsusilə də düşmə-minmə prosesinin düzgün təşkil olunması əsas prioritetlərimizdən biri olmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər