Tarixdə qeydə alınmış ən yüksək temperatur harada və nə vaxt olub?
Yay aylarında dünyanın bir çox bölgəsində hava elə yüksək dərəcədə qızır ki, insanlar bu şəraitdə nəfəs almaqda belə çətinlik çəkirlər. Mütəxəssislərin fikrincə, insan bədəni orta hesabla 40°C-yə qədər olan temperatur şəraitinə uyğunlaşa bilir. Bəs görəsən, dünyada indiyədək qeydə alınmış ən yüksək hava temperaturu neçə dərəcə olub və bu hansı ərazidə baş verib?
Patrulaz.az-ın araşdırmasına görə, rəsmi şəkildə qeydə alınmış ən yüksək temperatur 56.7°C təşkil edib.
Bu rekord 1913-cü il, 10 iyul tarixində ABŞ-nin Kaliforniya ştatında yerləşən Ölüm Vadisində (Death Valley), dəqiq desək, Furnace Creek Ranch adlı ərazidə qeydə alınıb. Bu günə qədər həmin göstərici Ümumdünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən rəsmən tanınmış istilik rekordu olaraq qalır.
Ölüm Vadisi niyə bu qədər istidir?
Ölüm Vadisi dünyanın ən quraq və alçaq bölgələrindən biridir. Ərazi dəniz səviyyəsindən 86 metr aşağıda yerləşir. Ətrafdakı dağ silsilələri bu əraziyə düşən günəş şüalarının istiliyini içəriyə hopdurur və həmin hava uzun müddət yerin səthində qalır. Bununla yanaşı, bölgədə demək olar ki, heç yağış yağmır, gecələr isə temperatur nəzərəçarpacaq qədər aşağı düşmür. Bütün bu amillər birlikdə bu bölgəni dünyanın ən isti nöqtələrindən birinə çevirir.

İstilər üzrə digər rekord göstəricilər
Bundan əlavə, 1922-ci ildə Liviyanın Əl-Əziziyyə şəhərində 58°C istilik qeydə alınmışdı. Lakin bu göstəricinin dəqiqliyi və ölçmə üsulu ilə bağlı suallar yarandığı üçün o, WMO tərəfindən etibarsız hesab edilib. Yeni dövrdə istilik dalğaları artmaqdadır. Son illərdə də iqlim dəyişikliyi nəticəsində dünya üzrə ekstremal istilər müşahidə olunur. 2020 və 2021-ci illərdə yenidən Kaliforniyada Ölüm Vadisində 54.4°C temperatur qeydə alınıb. Bu, müasir ölçmə texnologiyaları ilə əldə edildiyi üçün ən etibarlı istilik göstəricisi sayılır.
2022–2023-cü illərdə isə Çin, Hindistan, Pakistan, Kanada, Yunanıstan, İtaliya və İspaniya kimi ölkələrdə havanın temperaturu 45–50°C arasında dəyişib. Bu, artıq təkcə qlobal istiləşmənin deyil, insan sağlamlığına, kənd təsərrüfatına və enerji sistemlərinə ciddi təsir göstərən bir böhranın göstəricisidir.
Tarixin ən isti yayı isə 2023-cü il sayılır. Bu ilin iyul ayında dünya üzrə indiyədək qeydə alınmış ən isti hava şəraiti müşahidə edilib. Belə ki, həmin dövrdə Avropanın bir çox bölgəsində onlarla insan istilərdən həyatını itirib, Yunanıstanda genişmiqyaslı meşə yanğınları, Kanadada isə quraqlıqlar baş verib.
İqlim mütəxəssisləri bildirirlər ki, son illərdə havanın bu qədər istiləşməsi iqlim dəyişikliyinin açıq sübutudur. Onlar xəbərdarlıq edirlər ki, əgər bu proses belə davam etsə, qarşıdakı onilliklərdə bəzi bölgələrdə hava temperaturu 60°C-yə qədər yüksələ bilər. Bu isə həmin yerlərdə insanların yaşaması üçün böyük təhlükə yaradacaq.
Gülbəniz Səfərova






