media-kiber-hucum

Siber təhlükəsizlik üzrə mütəxəssislər dünya texnologiya nəhəngləri olan Google, Meta və Apple da daxil olmaqla, bir çox platformada istifadəçilərə məxsus 16 milyarddan çox hesabın istifadəçi adı və şifrə məlumatlarının sızdırıldığını üzə çıxarıblar.

Patrulaz.az Xarici mənbəyə istinadən xəbər verir ki, “Meta”ya məxsus “Instagram”, “Facebook” və “WhatsApp”, Google-un Gmail və Google Photos kimi xidmətləri və Apple-ın müxtəlif proqram və yaddaş platformaları daxil olmaqla, bir çox texnologiya şirkətini əhatə edən bu genişmiqyaslı məlumat sızıntısı, dünya üzrə internet istifadəçiləri arasında ciddi narahatlıq yaradıb.

Litva mərkəzli “CyberNews” şirkətinin mütəxəssisləri tərəfindən müəyyən olunan bu böyük sızmanın tək bir kiberhücum və ya konkret bir məlumat pozuntusundan qaynaqlanmadığı bildirilib. Əksinə, sızdırılan məlumatların çoxsaylı kiçik pozuntulardan yığılıb bir araya gətirildiyi, yəni əvvəlki hücumlardan əldə olunan məlumatların birləşdirilərək nəhəng bir verilənlər bazası halına salındığı qeyd olunub.

İndiyədək qeydə alınan ən böyük şifrə sızıntısı hesab olunan bu hadisədə, ümumilikdə 16 milyard istifadəçi adı və şifrə kombinasiyasının ifşa edildiyi bildirilib.

Apple, Meta və Google kimi texnologiya şirkətləri ilə yanaşı, sosial media platformaları, VPN xidmətləri və dövlət qurumlarına aid xidmətlərin də bu kiberhücumdan zərər gördüyü qeyd olunub.

Tədqiqatçılar bildiriblər ki, bu məlumat oğurluğu zamanı bir neçə fərqli zərərli proqram təminatından istifadə olunub və sızan məlumatlar arasında daha əvvəl heç vaxt açıqlanmamış yeni verilənlər də yer alıb.

Ləman Sərraf


Bənzər xəbərlər