Təhlükəli trend: Labubu oyuncağı uşaqlarda aqressiyanı artırır!
Son dövrlərdə sosial şəbəkələrdə geniş yayılan və “şirin görünümlü dəcəl oyuncaq” kimi təqdim edilən Labubu oyuncaqları əslində uşaqlar üçün psixoloji təhlükə mənbəyi ola bilər. Mütəxəssislər və bəzi valideynlər bu oyuncağın mənfi enerji yaydığını, aqressiv davranışlara zəmin yaratdığını bildirirlər.
“Labubu” xarici görünüşcə diqqətçəkici olsa da, onun qəzəbli baxışları, iti dişləri və qeyri-adi mimikası uşaqların şüuraltına qorxu, aqressiya və itaətsiz davranışları yeridə bilər. Oyuncaq açıq şəkildə “dəcəl və cəzasız” qəhrəman obrazı ilə təqdim olunur. Bu isə formalaşmaqda olan uşaq psixologiyasına tərbiyə baxımından zərərli siqnallar ötürür.
Mövzu ilə bağlı bir psixoloqun fikirləri belədir:
“Bu tip oyuncaqların xarici görünüşü və xarakteri uşaq üçün davranış nümunəsinə çevrilə bilər. Bəzi hallarda, belə oyuncaqlar uşaqlarda həm emosional dayanıqsızlıq, həm də təhlükəli oyun tərzləri formalaşdıra bilir.”
Digər bir narahatedici məqam isə oyuncağın kommersiya məqsədilə geniş yayılmasıdır. Azərbaycanda “Labubu” oyuncaqları müxtəlif platformalarda 19 AZN-dən başlayaraq 120 AZN-ə qədər qiymətlərlə satılır. Ucuz görünməsinə baxmayaraq, bu oyuncağın yaratdığı emosional ziyan çox baha başa gələ bilər.
Valideynlərin bir çoxu isə məsələdən xəbərsizdir. Sosial mediada trendə çevrilmiş bu oyuncaq gizli şəkildə uşaqlarda davranış pozuntularını tətikləyə bilər. Artıq bəzi valideynlər uşaqda “dişləmə”, “kobud zarafatlar” və ya “davamlı narahatlıq” hallarını bu oyuncağın istifadəsindən sonra müşahidə etdiklərini bildiriblər.
Patrulaz.az olaraq valideynlərə tövsiyə edirik ki, “şirin görünən, lakin təhlükəli mesajlar daşıyan” bu kimi oyuncaqları almazdan əvvəl psixoloji təsirlərini və mənəvi dəyərlərə uyğunluğunu diqqətlə araşdırsınlar.






