media-inshot_20260422_113406700

Milli Məclisin son qərarı ilə uşaqların tərbiyəsində “fiziki cəza” üsuluna son qoyulur və artıq övladına əl qaldıranları ciddi cərimələr gözləyir.

Yeni qaydalara əsasən, təkcə valideynlər deyil, həm də uşaqların təlim-tərbiyəsi ilə məşğul olan şəxslər məsuliyyətə cəlb ediləcək. Bura müəllimlər, həkimlər, idman məşqçiləri, mədəniyyət və sosial xidmət müəssisələrinin əməkdaşları daxildir. Əgər bu şəxslər uşağı “tərbiyə etmək” və ya intizam yaratmaq adı ilə fiziki və ya psixoloji təzyiqə məruz qoysalar, 200 manat məbləğində cərimə olunacaqlar.

Cərimə ödəmək psixologiyası valideyn və ya digər adı çəkilən şəxsləri zorakılıqdan yayındıra biləcəkmi?

Mövzu ilə bağlı Patrul.az-a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, işaqların tərbiyəsində fiziki cəzanın qadağan edilməsi çox mühüm və müsbət addımdır:

“Çünki elmi araşdırmalar göstərir ki, fiziki cəza uşağın davranışını uzunmüddətli yaxşılaşdırmır, əksinə, aqressiya, qorxu, özgüvənsizlik və emosional problemlərə səbəb olur.

Cərimə mexanizmi isə müəyyən mənada çəkindirici rol oynaya bilər. Xüsusilə emosiyalarını idarə etməkdə çətinlik çəkən valideynlər üçün bu, “dayan və düşün” siqnalı kimi işləyə bilər. Lakin yalnız cərimə ilə problemi tam həll etmək mümkün deyil.

Çünki fiziki cəza əksər hallarda valideynlərin stress, yorğunluq, iqtisadi çətinliklər və ya düzgün tərbiyə metodlarını bilməməsi ilə bağlı olur. Ona görə də cərimələrlə yanaşı, valideynlərin maarifləndirilməsi, psixoloji dəstək proqramları və müsbət tərbiyə metodlarının öyrədilməsi də çox vacibdir.

Ən effektiv yanaşma cəza deyil, müsbət intizam üsullarının tətbiqidir. Uşaqlarla açıq ünsiyyət, sərhədlərin düzgün qoyulması, davranışın izah edilməsi və emosiyaların idarə olunması həm uşağın sağlam inkişafına kömək edir, həm də ailədaxili münasibətləri gücləndirir”.

media-inshot_20260422_113032985

Psixoloq bu qərarın cəmiyyətdə uşaqlara münasibətin dəyişməsi üçün mühüm addım olduğunu söyləyib:

“Amma real nəticə əldə etmək üçün paralel olaraq maarifləndirmə və dəstək mexanizmlərinin də gücləndirilməsi vacibdir

Ümumiyyətlə, 200 manat cərimə müəyyən çəkindirici rol oynaya bilər. Lakin fiziki cəzanın kökü daha dərindədir – stress, tərbiyə biliklərinin azlığı və emosional idarəetmə çətinliyi və s. Ona görə də cərimələrlə yanaşı, valideynlərin maarifləndirilməsi və psixoloji dəstək daha effektiv nəticə verəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər