"Telefonu 0%-ə salmayın: Batareyanız sürətlə sıradan çıxa bilər" - Mütəxəssisdən XƏBƏRDARLIQ
Müasir dövrdə smartfonlar gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib və demək olar ki, hər kəs gün ərzində telefonunun şarjının bitməsi ilə üzləşir. Bir çox istifadəçi batareya 0%-ə düşdükdən sonra cihazı şarja qoşur, bəziləri isə rahatlıq üçün telefonu gecə yatarkən şarjda saxlayır və səhərə qədər dolu halda prizdə qalmasına fikir vermir. Bu vərdişlərin isə uzunmüddətli perspektivdə batareyanın ömrünə necə təsir etdiyi çoxlarını düşündürür.
Bəs telefonu gecə boyu şarjda saxlamaq zərərlidirmi və ümumilikdə batareyanın ömrünü qorumaq üçün onu hansı faizdə şarja qoşmaq daha məqsədəuyğundur?
Bu mövzu ilə bağlı Patrul.az-ın sualını Texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki, yeni telefonlarda batareya 100%-də şarjı dayandırdığı üçün gecə şarjda qalması ciddi problem sayılmır:
“Yeni nəsil telefonlarda istifadə olunan batareyalar deyərdimki, ağıllıdır və özlərini qoruma mexanizmləri var. Yəni telefonu gecə boyu şarjda saxlamaq əvvəlki kimi ciddi risk sayılmır. Telefon 100%-ə çatandan sonra şarj prosesi faktiki olaraq dayanır və yalnız enerji azaldıqca yenidən kiçik dozalarla doldurur. Ona görə gecə şarjda qaldı, batareya dərhal sıradan çıxacaq kimi düşünmək düzgün deyil”.

E. Həsənov qeyd edir ki, batareyanın ömrünü qorumaq üçün onu əsasən 20-80% aralığında saxlamaq və tez-tez 0%-ə düşürməmək daha məqsədəuyğundur:
“Amma burda bir incə məqam var. Məsələ təhlükə yox, batareyanın uzunömürlülüyüdür. Batareyanın sağlam qalması üçün onu həmişə 0%-dən 100%-ə qədər istifadə etmək ən ideal ssenari deyil. Litium-ion batareyalar üçün ən optimal interval adətən 20% ilə 80% arası sayılır. Yəni telefon 20%-ə düşəndə şarja qoşmaq və 80-90% civarında çıxarmaq batareyanın ömrünü daha yaxşı qoruyur. Bəzi istifadəçilər telefonu tam boşaldandan sonra şarja qoşur ancaq bu, köhnə batareyalar üçün doğru yanaşma idi. Müasir telefonlarda buna ehtiyac yoxdur. Əksinə tez-tez 0%-ə düşmək batareyanı daha çox yorur. Eyni qayda 100%-də uzun müddət saxlamaq üçün də keçərlidir”.
Mütəxəssisin sözlərinə görə, optimized charging və aşağı temperatur batareyanın ömrünü qoruyur:
“Gecə şarj məsələsinə gəldikdə isə, əgər telefonda optimized charging kimi funksiyalar varsa, bu daha yaxşıdır. Bu sistemlər telefonu 80%-ə qədər tez doldurur, qalan hissəni isə səhərə yaxın tamamlayır ki, batareya uzun müddət 100%-də qalmasın. Bir də vacib məqam temperaturdur. Telefon şarj zamanı çox qızırsa məsələn, oyun oynayaraq və ya qalın örtük içində şarj edilirsə bu da batareyanın ömrünə daha çox zərər verir”.
Cəmilə Cəfərzadə






