Telefonunuz sizin haqqınızda nələri bilir?: Gizli izləmə mexanizmləri üzə çıxdı - AÇIQLAMA
Gündəlik istifadə etdiyimiz mobil tətbiqlər və cihazlar istifadəçilərin davranışlarını izləyərək hansı funksiyalardan istifadə etdiyimizi, nə qədər vaxt keçirdiyimizi və nələrə maraq göstərdiyimizi müəyyən edir. Bu məlumatlar xüsusi texnologiyalar vasitəsilə toplanır və daha çox reklam və satış məqsədləri üçün istifadə olunur.
Bəs bu məlumatlar konkret olaraq necə toplanır və kommersiya məqsədilə hansı üsullarla istifadə edilir?
Bu mövzu ilə bağlı Patrul.az-ın sualını texnoloq Elvin Həsənov cavablandıraraq bildirib ki, mobil tətbiqlər istifadəçinin kliklərini və baxdığı şeyləri izləyib analiz edir və nəticədə ona maraqlarına uyğun məzmun və reklamlar göstərir:
“Gündəlik istifadə etdiyimiz mobil tətbiqlər və cihazlar bizim davranışlarımızı daha çox məlumat toplayır və analiz edir prinsipi ilə işləyir. Yəni siz hansı tətbiqə nə qədər vaxt ayırırsınız, hansı düymələrə klik edirsiniz, hansı məhsullara baxırsınız və s. bütün bu hərəkətlər texniki olaraq qeyd olunur və analiz üçün istifadə edilir. Bu proses əsasən analitika alətləri və sensor məlumatları vasitəsilə baş verir. Məsələn, tətbiqlər daxilində xüsusi tracking mexanizmləri olur. Hansı səhifəyə girdiniz, nə qədər qaldınız, nə axtardınız kimi məlumatlar hamısı sistemdə qeyd olunur. Daha sonra bu məlumatlar böyük həcmdə analiz olunur. Burada artıq süni intellekt və data analitika işə düşür. Sistem sizin maraqlarınızı, vərdişlərinizi və davranış modelinizi təxmin edir. Məsələn, siz tez-tez idman məhsullarına baxırsınızsa, sistem sizi idmanla maraqlanan istifadəçi kimi qruplaşdırır. Bundan sonra sizə göstərilən reklamlar, tövsiyələr və hətta tətbiq daxilində gördüyünüz məzmun buna uyğun dəyişir”.

E. Həsənov qeyd edir ki, remarketing odur ki, baxdığın məhsullar sənə sonra yenidən reklam kimi göstərilir ki, alma ehtimalın artsın:
“Kommersiya tərəfinə baxsaq bu remarketing adlanan texnoloji mexanizmdir. Daha sadə dildə desəm siz internetdə bir məhsula baxırsız. Məsələn, ayaqqabı. Sayt bunu yadda saxlayır. Sonra başqa sayta və ya sosial şəbəkəyə keçəndə həmin ayaqqabı vəya bənzəri yenidən qarşınıza çıxır. Yəni sistem deyir ki bu istifadəçi buna maraq göstərib, yenə göstərək. Buna remarketing deyilir. Yəni sizə artıq baxdığınız şeyləri yenidən xatırlatmaq. Məqsəd odur ki, siz həmin məhsulu sonda alasınız”.
Mütəxəssisin fikrincə, məlumat toplama icazələrə əsaslansa da, istifadəçilər çox vaxt bunu fərq etmədən qəbul etdiyinə görə proses tam nəzarətli sayılmır:
“Amma qeyd edim ki, bu proseslər tam nəzarətsiz deyil. Bir çox tətbiqlər istifadəçidən icazə alır. Məsələn, lokasiya və ya izləmə icazəsi. İstifadəçi bu icazələri məhdudlaşdıra bilər. Yəni texniki olaraq məlumat toplanır, amma istifadəçi də müəyyən dərəcədə bunu idarə edə bilir. Bir çox hallarda istifadəçi fərqinə varmadan icazələri özü vermiş olur”.
Cəmilə Cəfərzadə






