media-inshot_20260211_192313120

Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, onlayn satışla məşğul olanlar Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar. Həmçinin bu qanun onlayn ticarət şirkətlərinə də şamil olunur.

Bəs, “Trendyol”, “Temu” kimi ticarət şirkətləri vergi verərlərsə, bu, qiymətlərin bahalaşmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Patrul.az-a öz fikirlərini bildirib.

O, “Trendyol” və ya “Temu”nun Azərbaycanda qeydiyyatdan keçib rezident olaraq fəaliyyət göstərməsi böyük bir vergi yükü formalaşdıracağını düşünmədiyini qeyd edib:

“Çünki Azərbaycanın hər iki ölkə ilə ikiqat vergi tutmaması barədə sövdələşməsi var. Həmin şirkətlər Azərbaycanda ödədikləri vergiyə görə öz ölkələrində müvafiq olaraq vergi öhdəliklərindən azad olma imkanına malikdir. Müvafiq imkanlardan yararlanmaqla bu şirkətlər öz ölkələrində vergi yükünün azaldılmasına nail ola bilərlər.

Təbii ki, burada diqqət edilməli iki məqam mövcuddur. Müvafiq şirkətlər əlavə dəyər vergisi ödəyicisi (ƏDV) yaxud sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. “Temu” və “Trendyol”un dövriyyəsi böyükdür. Onlar yerli qanunvericiliyə uyğun olaraq əlavə dəyər vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər. Bu da o deməkdir ki, həmin şirkətlərin dövriyyəsinə münasibətdə əlavə 18% yük formalaşa bilər. Əgər hansısa formada onlar yalnız ticarət əlavələrinə münasibətdə ƏDV ödəyəcəklərsə, bu, böyük bir fərq yaratmayacaq. Çünki həmin şirkətlərin komissiyaları ümumi dövriyyənin təxminən 5-7%-ni əhatə edir.

Lakin şirkətlər bütün dövriyyəyə münasibətdə ƏDV ödəmək məcburiyyətində qalarsa, kifayət qədər ciddi bir xərc yükü olduğu üçün qiymətlərin artımına səbəb ola bilər”.

media-inshot_20260211_192059206

İqtisadçı əlavə edib ki, qiymətlərin formalaşmasını yalnız xərclər müəyyən etmir:

“Alıcılıq gücü, bazarda rəqabət, məhsullar üzrə əvəzedicinin olub-olmaması və s. kimi digər amilləri də nəzərə almaq lazımdır.

Ona görə də gələcəkdə müvafiq mövqenin ortaya qoyulmasının hansı nəticələr doğuracağını əvvəlcədən müəyyən etmək mümkün deyil”.

Ləman Sərraf


Bənzər xəbərlər