“Tərbiyəli böyüdülər, amma mən...” - Eminin oğulları ilə bağlı qürur və peşmanlıq dolu açıqlaması
Xalq artisti Emin Ağalarov əkiz övladları olan Əli və Mikayılla bağlı şəxsi paylaşımı ilə diqqət çəkib.
Patrulaz.az “Axşam.az” istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yayımladığı videoda övladlarına kifayət qədər vaxt ayıra bilmədiyindən peşman olduğunu etiraf edib:
“Uşaqlarım doğulanda bura onların ilk evi oldu. Azərbaycanda hamı oğlu olsun istəyir. Hələ həyat yoldaşım (keçmiş xanımı) hamilə olanda 2 oğlumun olacağını öyrəndim. Ona görə də mənim bəxtim ikiqat gətirdi. Onlar doğulandan sonra Moskvaya getdik. Övladlarım bu evdə iməkləməyi öyrəndilər. Beləcə 16 il keçdi. Onlar demək olar ki, boyda məndən hündürdülər. Bir tərəfdən onların böyüməyi ilə qürurlanıram. Digər tərəfdən peşmanam ki, onlara yetərincə vaxt ayıra bilmədim. Çünki işləyirdim, çox uçuşlarım olurdu”.
Müğənni həmçinin vurğulayıb ki, oğullarının tərbiyəsi və xarakteri onu qürurlandırır:
“Şadam ki, onlar tərbiyəli böyüdülər. Oğullarım dünyaya gələndə onları necə görmək istəyirdimsə, elə də oldu. Ümidlərimi doğrultdular. Ümid edirəm ki, onların da bütün arzuları reallaşacaq”.
Qeyd edək ki, Emin Ağalarovun Əli və Mikayıldan başqa, Əminə və Afina adlı iki qız övladı da var.






