Texniki nasazlıq böyük fəsadlara yol açdı – Novxanıda evləri su basdı - VİDEO
Ən iri suvarma sistemlərindən biri olan Samur-Abşeron kanalında yaranan nasazlıq Novxanı ərazisində ciddi fəsadlara səbəb olub.
Patrulaz.az-a daxil olan məlumata görə, kanalın bəzi hissələrində betonların aralanması nəticəsində baş verən su sızması Novxanı Dəmiryolu dayanacağına gedən yolun və Mübariz İbrahimov küçəsinin palçıq içində qalmasına səbəb olub.
Redaksiyamıza təqdim olunan görüntülərdə suyun küçələrə dolduğu, avtomobillərin palçıqlı ərazidən keçə bilməyərək geri döndüyü əks olunub.
Sakinlər də həyətlərinə su dolmasının qarşısını almaq üçün qapılarını bağlamağa məcbur qalıblar.
Qeyd edək ki, Ceyranbatan su anbarından başlayaraq Xəzər dənizinə qədər uzanan Samur-Abşeron kanalı Gürgan qəsəbəsi ərazisində sona çatır. Hazırda kanalın bir sıra hissələrinin texniki cəhətdən yararsız vəziyyətdə olması təkcə ətrafda yaşayanların həyat şəraitini çətinləşdirmir, həm də ciddi su israfına yol açır.
Gülbəniz Səfərova






