"TikTok"da "kredit verilir" vədi ilə "WhatsApp" hesabınızı ələ keçirə bilərlər! - Kibermütəxəssisdən xəbərdarlıq
Azərbaycanda hər il kiberpolislər tərəfindən böyük kiberdələduzluq kampaniyaları, dəstələri və şəbəkələri ifşa olunur. Bu yaxınlarda “Reklam izlə, sən də qazan!” vədi ilə minlərlə insanın pulunu mənimsəyən, paytaxtın populyar yerlərində reklamları yayımlanan “Any Unboxing” adlı genişmiqyaslı onlayn maliyyə piramidasının da əməlləri ifşa olundu. Lakin bunlara baxmayaraq, ölkəmizdə dələduzlar bütün sosial platformalarda fəaliyyətlərini davam etdirirlər. Xüsusən də ən çox dezinformasiya yayılan “TikTok” sosial platformasında kredit və digər vədlərlə istifadəçilər tələyə salınırlar.
Xüsusilə də son vaxtlar “12 faizlə kredit verilir”, “3.000 manat kredit təsdiqlənib” və buna bənzər vədlərlə “TikTok” və digər sosial platformalarda kiberdələduzluq halları artıb. Belə ki, özünü şirkət nümayəndəsi kimi təqdim edən dələduzlar vətəndaşlarla mesaj vasitəsilə əlaqə saxlayaraq onlara endirimli kampaniya çərçivəsində kredit veriləcəyinə inandırırlar. Daha sonra müxtəlif bəhanələrlə onların telefonuna gələn təsdiq kodunu istəyirlər. Amma əslində isə həmin kod istifadəçinin “WhatsApp” təsdiq kodudur. Manipulyasiya edilən vətəndaş həmin kodu paylaşan kimi “WhatsApp” hesabı kiberdələduzların nəzarətinə keçir. Bundan sonra onlar həmin şəxsin adından kontakt siyahısındakı insanlara mesaj yazaraq kart nömrəsi göndərir və pul istəyirlər.
Vətəndaşları sosial şəbəkələrdə “kredit”, “aşağı faizlə borc” və buna bənzər adlarla həyata keçirilən dələduzluq sxemlərinə aldanmamaları barədə Patrul.az-a çağırış edən kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasımov bildirib ki, belə hallar daha çox “TikTok”da müşahidə olunur:
“”TikTok”da bu kimi hallara xüsusən də yaşlı nəsil daha tez inanır. Buna görə də dələduzlar məhz onları hədəf alırlar.
Son dövrlərdə sosial mühəndislik (Social Engineering) əsaslı kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. Hücumçular saxta kredit təklifləri və digər cəlbedici vədlərlə vətəndaşların etibarını qazanmağa çalışır, daha sonra isə “WhatsApp” və digər rəqəmsal hesabları ələ keçirməyi hədəfləyirlər.
Hazırda geniş yayılan sxemlərdən birində vətəndaşdan “WhatsApp”a göndərilən OTP (One-Time Password) təsdiq kodu tələb olunur. Bu kod paylaşıldığı anda hesab hücumçunun nəzarətinə keçir və həmin hesab vasitəsilə kontakt siyahısındakı şəxslərdən pul istənilir.
Təcrübə göstərir ki, kiberdələduzlar xüsusilə yaşlı nəslin nümayəndələrini hədəf seçirlər. Bunun əsas səbəbi onların rəqəmsal təhlükələr barədə məlumatlılığının nisbətən aşağı olması və bu cür saxta kredit təkliflərinə daha tez etibar etmələridir”.

Mütəxəssis sonda insanlara heç bir kodu paylaşmamaları barədə xəbərdarlıq edib:
“Vətəndaşlara tövsiyəm odur ki, heç bir halda OTP təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmasınlar. Heç bir bank və ya kredit təşkilatı “WhatsApp” təsdiq kodu tələb etmir. Bundan əlavə, “WhatsApp”da Two-Step Verification funksiyası aktiv edilməli, şübhəli keçidlərə daxil olmazdan əvvəl isə onların etibarlılığı yoxlanılmalıdır”.
Gülbəniz Səfərova






