Göyçayda ağacları qurudan şəxs saxlanıldı
Göyçay şəhərinin Nizami küçəsində sağlam ağacların kimyəvi məhlulla qurudulması və yerində obyekt tikilməsi planı ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi narahatlıq yaratmışdı. Ekoloji dəyərlərin məhv edilməsi kimi qiymətləndirilən hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Patrul.az-a bildirilib ki, Göyçay şəhərinin Nizami küçəsində ağacların dibinə kimyəvi məhlul tökülməsi faktı üzrə prosessual araşdırma aparılır.
Məlumata görə, əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı aidiyyəti quruma müvafiq sorğu göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.






