Afrikanın bu bölgəsində 19 nəfər aclıqdan ölüb
Şərqi Afrika ölkəsi olan Uqandada aylarla davam edən şiddətli quraqlıq və kütləvi məhsul itkisi 19 nəfərin aclıqdan ölməsinə səbəb olub.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, humanitar böhranın əsas ocağı ölkənin şimal-şərqində yerləşən Karamoja bölgəsidir.
Bölgədə əkin mövsümünün başladığı aprel ayından etibarən gözlənilən mövsümi yağışların yağmaması kənd təsərrüfatına ağır zərbə vurub. Nəticədə minlərlə hektar əkin sahəsi tamamilə quruyub və kütləvi məhsul itkisi qeydə alınıb. Hazırda bölgədə yaşayan təxminən 1,5 milyon sakin kəskin qida çatışmazlığı və ciddi qidalanma pozğunluğu riski ilə üz-üzədir. Yüzlərlə uşaq xəstəxanalara ağır aclıq diaqnozu ilə yerləşdirilib.
Yaranan ərzaq böhranı ilə əlaqədar Uqanda hökuməti hərəkətə keçib. Uqanda parlamenti yaranmış humanitar fəlakətin fəsadlarını aradan qaldırmaq üçün 45 milyar Uqanda şillinqi dəyərində təcili yardım fondunu təsdiqləyib.
Dövlət proqramı çərçivəsində növbəti iki ay ərzində Karamoja bölgəsinə 9400 ton təcili ərzaq yardımının çatdırılması üçün genişmiqyaslı humanitar əməliyyat başladılıb. Yardım paketlərinə əsasən qarğıdalı unu və lobya daxildir.
Ölümlərin qeydə alındığı ən kritik nöqtə olan Kaabong sub-bölgəsindəki Lodiko ibtidai məktəbində ilk humanitar bağlamaların paylanmasına artıq start verilib. Planlaşdırmaya əsasən, fəlakət zonasında yaşayan hər ailəyə 20 kiloqram qarğıdalı unu və 10 kiloqram lobya çatdırılacaq.






