media-file_000000009cac81f4ba62817eb4a153e1

Pişiklər dünyanın ən çox sevilən heyvanlarından biridir. Mehriban davranışları, insanlara tez öyrəşmələri və qayğıkeş xarakterləri sayəsində milyonlarla ailənin ayrılmaz üzvünə çevrilə bilirlər. Azərbaycanda da demək olar ki, hər məhəllədə və bir çox evdə pişiklərə rast gəlinir. Son illərdə isə onlar təkcə ev heyvanı kimi deyil, həm də sosial şəbəkələrdə və müxtəlif tədbirlərdə diqqət mərkəzinə düşərək geniş maraq doğururlar.

Buna nümunə olaraq ötən il Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisi zamanı sürücülərin və azarkeşlərin sevimlisinə çevrilən, sonradan “Furrari” adlandırılan pişiyi göstərmək olar. Həmin pişik qısa müddətdə sosial şəbəkələrdə trendə çevrilmişdi.media-file_00000000d00c81f4a8395171fad0104f

Bəs dünyada ən çox pişik hansı ölkələrdə yaşayır?

Patrul.az xəbər verir ki, tədqiqatçılar rəsmi qeydlər, populyasiya məlumatları və sahə araşdırmaları əsasında müxtəlif ölkələrdə pişiklərin sayını müəyyənləşdiriblər.

Araşdırmalara görə, hazırda dünyada 600 milyon ilə 1 milyard arasında pişik yaşayır. Bu rəqəmə həm ev heyvanı kimi saxlanılan, həm də küçələrdə və yarıvəhşi şəraitdə yaşayan pişiklər daxildir.

Dünyada ən çox pişik yaşayan ölkələr:

1. ABŞ – 74,2 milyon

2. Çin – 53,1 milyon

3. Rusiya – 23,1 milyon

4. Almaniya – 15,2 milyon

5. Fransa – 14,9 milyon

6. Braziliya – 13 milyon

7. Böyük Britaniya – 12,2 milyon

8. İtaliya – 10,5 milyon

9. Hindistan – 10 milyon

10. Yaponiya – 9,6 milyon

Azərbaycan isə ən çox pişiklərin yaşadığı ölkə sayılmasa da, burada da təxminən 800 min pişik yaşayır.

Qardaş Türkiyədə isə 2,4 milyon, qonşu İranda isə 2 milyon pişik yaşayır. Türkiyə küçə pişiklərinə göstərilən qayğı və onların şəhər həyatının ayrılmaz hissəsinə çevrilməsi səbəbindən dünyada tez-tez “pişiklər ölkəsi” kimi də tanınır.

Gülbəniz Səfərova


Bənzər xəbərlər