Avropada meşə yanğınları fəlakətli həddə çatıb: 360 mindən çox insan təxliyə edilib
Avropada davam edən anomal istilər nəticəsində yaranan meşə yanğınları Fransa və İspaniyada fəlakətli həddə çatıb. Təbii fəlakət səbəbindən indiyədək hər iki ölkədə ümumilikdə 366 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə olunub.
Patrul.az xəbər verir ki, güclü küləklər və həddindən artıq quru hava şəraiti alovun söndürülməsini çətinləşdirir.
Məlumata görə, Fransada təxliyə olunanların sayı 250 mini, İspaniyada isə 116 mini keçib.
İspaniyada baş verən yanğınlarda iki nəfər həyatını itirib, 75 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Ölkədə alovlar paytaxt Madridə yaxınlaşır. Hökumət yaranmış vəziyyətlə əlaqədar ölkə tarixində ilk dəfə milli səviyyədə fövqəladə vəziyyət elan edib. İlin əvvəlindən bəri İspaniyada yanan ümumi meşə və bitki örtüyü sahəsi 150 min hektarı ötüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6 dəfə çoxdur. Təkcə son irimiqyaslı alov ocaqlarında 70-77 min hektar meşə sahəsi məhv olub.
Fransada isə ölkənin cənub-qərbindəki Jirond (Gironde) və Land departamentlərində alovlar məşhur şərabçılıq bölgəsi olan Bordo şəhərinin ətraflarına və çimərlik zonalarına, o cümlədən Kap Ferret yarımadasına çatıb. Təkcə Jirond departamentində 42 min hektar (Paris şəhərinin sahəsindən dörd dəfə böyük) ərazi külə dönüb. Ümumilikdə, ilin əvvəlindən bəri Fransa ərazisində məhv olan meşəlik və bitki örtüyünün sahəsi 116 min hektarı keçib.
Fransa Prezidenti Emmanuel Makron yaranmış vəziyyəti ölkənin İkinci Dünya Müharibəsindən bəri qarşılaşdığı ən ağır sülh dövrü böhranı və təxliyə prosesi adlandırıb.






