İT mütəxəssisindən xəbərdarlıq: "”Hazır kredit" vədləri yeni kiberdələduzluq tələsidir”
Son dövrlər sosial şəbəkələrdə “asan kredit” vədləri ilə yayılan elanların sayı nəzərəçarpacaq dərəcədə artıb. İlk baxışdan cəlbedici görünən bu təkliflər əslində istifadəçilərin şəxsi hesablarını ələ keçirməyə hesablanmış kiberdələduzluq sxeminin bir hissəsidir. Bəs bu üsul necə işləyir və vətəndaşlar belə tələlərdən necə qoruna bilərlər?
Patrul.az mövzu ilə bağlı İT mütəxəssisi Elvin Abbasovun fikirlərini öyrənib.
E. Abbasov bildirib ki, sosial şəbəkələrdə, xüsusən “TikTok” və “Instagram” kimi platformalarda “3.000 manat hazır kreditiniz var” və ya “baxışsız 12 faizlə borc verilir” kimi vədlər verən elanlar son vaxtlar kəskin artan kiberdələduzluq tələləridir.
Onun sözlərinə görə, dələduzlar istifadəçiləri müxtəlif bəhanələrlə aldadaraq onların WhatsApp hesablarını ələ keçirməyə çalışırlar:
“Sosial şəbəkələrdə, xüsusən “TikTok” və “Instagram” kimi platformalarda “3.000 manat hazır kreditiniz var” və ya “baxışsız 12 faizlə borc verilir” kimi vədlər verən elanlar son vaxtlar kəskin artan kiberdələduzluq tələləridir. Dələduzlar sizinlə mesaj bölməsində əlaqə saxlayaraq krediti güya təsdiqlədiklərini, lakin rəsmiləşdirmə üçün telefonunuza gələn təsdiq kodunu göndərməli olduğunuzu bildirirlər. Siz həmin SMS və ya doğrulama kodunu qarşı tərəfə ötürən kimi WhatsApp hesabınız dərhal onların nəzarətinə keçir. Bundan sonra dələduzlar sizin adınızdan kontakt siyahınızdakı qohum və dostlarınıza “təcili pul lazımdır” mesajı yazaraq öz kart nömrələrinə vəsait köçürülməsini tələb edir və yaxınlarınızı da aldadırlar”.

Mütəxəssis vətəndaşlara bu cür kiberdələduzluq halları ilə qarşılaşmamaq üçün vacib tövsiyələr verib:
“Bu tür dələduzluq sxemlərinə düşməmək üçün unutmayın ki, heç bir rəsmi bank sosial şəbəkələrdə şəxsi mesajla sənədsiz kredit paylamır və kredit müraciətləri yalnız bankların rəsmi filiallarında və ya tətbiqlərində olunur. Telefonunuza gələn heç bir təsdiq kodunu, kimliyindən asılı olmayaraq, ikinci bir şəxslə paylaşmayın və WhatsApp parametrlərindən “İkiaddımlı doğrulama” (Two-step verification) funksiyasını mütləq aktiv edin. Əgər WhatsApp-da hansısa tanıdığınızdan təcili pul istənilən mesaj alsanız, mesajla cavab vermədən dərhal həmin şəxsə adi mobil zəng edərək məsələni dəqiqləşdirin”.
Ləman Sərraf






