media-img_6935

Buzovna ilə Mərdəkan qəsəbələrini birləşdirən – sakinlərin “Təzə yol” kimi tanıdığı avtomobil yolunun kənarında fəaliyyət göstərən “ATV-KVADROSİKL” adlı salon, “TikTok” sosial şəbəkəsində @motoqaraj adı altında aktiv reklam kampaniyaları həyata keçirir. Salon əsasən kvadrosikl və ATV tipli nəqliyyat vasitələrinin satışı ilə məşğuldur.

Lakin diqqət çəkən məqam odur ki, salonun reklam çarxlarında yol-hərəkəti qaydaları kobud şəkildə pozulur. Videolarda kvadrosikl sürücüləri avtomobil yolunda – insan və nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi hissələrdə – iki təkər üzərində sürüş, qəfil əyləcləmə, təhlükəli manevrlər və s. kimi qanunsuz və həyat üçün təhlükəli hərəkətlər edirlər.

Məsələ ilə bağlı sosial media üzrə ekspert Səməndər Niftəliyev bildirir ki, bu cür hərəkətlər təkcə fiziki təhlükə deyil, həm də sosial şəbəkələrdə izləyiciləri artırmaq məqsədilə qanunazidd davranışların təşviqinə səbəb olur.

“Bu isə xüsusilə gənclər arasında belə qayda pozuntularının sanki normal və qəbuledilən hərəkət kimi təqdim olunmasına gətirib çıxarır,” – deyə ekspert vurğulayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən araşdırma aparıb qanunamüvafiq tədbir görmələrini xahiş edirik.

Reklamla satışın gücləndirilməsi adı altında vətəndaşların təhlükəsizliyinin və qayda-qanunun pozulması cəmiyyətin gələcəyi üçün ciddi riskdir.

Günay Salayeva


Bənzər xəbərlər