TikTok “ulduzu”nun yolverilməz hərəkətləri - Bakı yollarında qanunsuzluğu utanmadan nümayiş etmək - VİDEO
Sosial şəbəkələrdə fenomen olmaq bəzi şəxslərə qanunları pozmaq “imtiyazı” vermir. Lakin görünür, TikTok platformasında Nara__667 adlı profili idarə edən xanım özünü istisna hesab edir. Onun yayımladığı videolarda açıq-aşkar Bakı küçələrində kobud qayda pozuntularına yol verdiyi görünür.
Patrulaz.az xəbər verir ki, hadisə paytaxt küçələrində tıxac zamanı baş verib. Bütün sürücülər sıralarını gözlədiyi halda, 77 PK 667 dövlət nömrə nişanlı Nissan markalı avtomobil avtobus zolağına çıxaraq irəliləyir. Bu, təkcə yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deyil, həm də digər hərəkət iştirakçılarına qarşı açıq hörmətsizlikdir.
Əgər bütün sürücülər bu davranışı təkrarlasa, şəhərdə avtobusların hərəkəti tam iflic olar. Amma görünür, Nara__667 üçün ictimai nəqliyyatın və qayda-qanunun əhəmiyyəti yoxdur – əsas olan öz rahatlığı və sosial şəbəkədə izlənmə sayıdır.
Daha da təəccüblüsü odur ki, bu şəxsin digər bir paylaşımında təhlükəsizlik kəmərini taxaraq sükan arxasında şəkil çəkdiyi görünür və fotoya bu səviyəsiz ifadəni əlavə edib:
“İçkili maşın sürəndə kəmər taxan, qayda-qanunla maşın sürən tək mənəm?”
Bu cümlə yalnız məsuliyyətsizliyin deyil, həm də cəmiyyətə açıq-aşkar meydan oxumağın nümunəsidir. Qaydanı pozmağı “zarafat”a çevirmək, içkili halda avtomobil idarəsini isə “fəxrlə” dilə gətirmək – insan həyatı ilə oynamaq deməkdir.
Yol hərəkəti qaydaları təsadüfi yaranmayıb – onlar hər bir insanın təhlükəsizliyini təmin etmək üçün mövcuddur. Belə şəxslərin məsuliyyətsiz davranışları, xüsusən də sosial şəbəkələrdə “normal” kimi təqdim olunması, gənclərə yanlış nümunə olur.
Bakı yolları heç kimin şəxsi “TikTok çəkiliş meydançası” deyil.
Cəmiyyətin hər bir üzvü bilməlidir: yolda məsuliyyətsizlik – potensial cinayətdir.






