TIR sürücülərinin gömrükdə bitməyən problemləri - VİDEO
Astara-İran yolunda TIR sürücüləri uzun növbələr gözləmək məcburiyyətində qalırlar.
Patrulaz.az-a verilən məlumata görə, bəzi hallarda sıxlıq 5 kilometr uzunluğa çatır. Sürücülər bildirirlər ki, ərazidə kifayət qədər boş sahə olsa da, nə zibil qutuları, nə də sanitar qovşaq mövcud deyil. Onlar bu şəraitin həm sürücülər, həm də ümumi sanitar-gigiyenik vəziyyət üçün ciddi problem yaratdığını vurğulayırlar.
TIR sürücüləri Astara rayon İcra Hakimiyyəti, Dövlət Gömrük Komitəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bu məsələyə diqqət ayrılmasını xahiş edirlər. Onların əsas tələbləri TIR parkının tikilməsi və ən azı əraziyə ekotualetlərin yerləşdirilməsidir.
Sürücülərin digər narazılığı isə AzTerminal Kompleksə 20 manat 40 qəpik park pulu ödəmələrinə baxmayaraq, küçələrdə gözləməyə məcbur qalmalarıdır. Onların sözlərinə görə, bu cür vəziyyət yalnız Astara ilə məhdudlaşmır, ölkənin digər gömrük məntəqələrində də oxşar problemlər yaşanır.