“Tramp adminstrasiyasının atacağı addımlar dünyanın ümumi geosiyasi vəziyyətində izsiz qalmayacaq”- ŞƏRH EDİLDİ
“Amerika Birləşmiş Ştatları dünyada kifayət qədər təsir gücünə malik olan dövlətdir. Buna görə də ABŞ rəhbərinin dəyişməsi, yeni adminstrasiyanın atacağı addımlar hamını düşündürür. Dörd illik səlahiyyət müddəti bütövlükdə dünyanın siyasi və iqtisadi mənzərəsini köklü şəkildə dəyişmək üçün çox az bir zamandır. Amma bir sıra istiqamətlərdə proseslərdən nəzərə çarpacaq dərəcədə olan dəyişikliklər haqqında danışmaq mümkündür. Trampın özü də həm seçki kampaniyası ərəfəsində, həm də andiçmə mərasimindəki nitqi zamanı gərgin fəaliyyətinin konturları haqqında təsəvvürlər formalaşdırdı”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

O bildirib ki, ABŞ-la Rusiya arasında dialoq mühitinin yaranması gözlənilən proseslər sırasında ən mühüm məqamdır: “Rusiya tərəfinin də məsələyə yanaşması elə təsəvvür formalaşdırır ki, ABŞ-la Rusiya arasında uzun fasilədən sonra dialoq mühiti formalaşa bilər.
Ukrayna cəbhəsində vəziyyətin hansı formada davam edəcəyi də ABŞ-ın yanaşmasından asılıdır. Tramp Ukraynaya hərtərəfli dəstəyin olunmasını Avropadan istəyir. Belə ki, 90 gün müddətinə ABŞ-ın nəzərdə tutduğu maliyyə dəstəklərinin dayandırlması haqqında qərar imzaladı. Bu vəziyyətə ciddi təsir göstərə bilər. Digər tərəfdən isə Rusiya ilə ABŞ arasında olacaq dialoq zamanı tərəflər biri-birlərinin prioritetlərini, geosiyasi maraqlarını nəzərə alaraq öz xarici siyasətlərini quracaqlar. Bu da dünyanın ümumi mənzərəsinə təsir göstərəcək.
Tramp bir sıra istiqamətlərdə öz baxışlarını nümayiş etdirib. Məsələn, Kanadanın suveren dövlət ola bilməməsi ilə bağlı səsləndirdiyi fikir də bura aiddir. Bütün bunlar ümumilikdə dünyanın geosiyasi mənzərəsinə təsir göstərə bilər.
ABŞ-ın daha uzaq coğrafiyalarda fəallığının nisbətən azaltmasını güman edə bilərik. Çünki seçki kampaniyası ərəfəsində də Tramp daha çox daxili məsələlərə diqqət yetiriləcəyini bildirmişdir.
Yaxın Şərqdə münaqişə potensialı kifayət qədər yüksəkdir. Eyni zamanda Suriyada vəziyyətin hansı formada irəliləyəcəyi də sual altındadır. Bütün bunlar ABŞ-ın sərgiləyəcəyi mövqedən asılı olacaq. Bütün hallarda hesab edirəm ki, Tramp adminstrasiyasının atacağı addımlar dünyanın ümumi geosiyasi vəziyyətində izsiz qalmayacaq”.






