Tramp Avropa liderləri ilə danışıqlardan sonra Putinlə fotosunu paylaşdı
Donald Tramp Vladimir Putinlə fotosunu yayımlayıb.
Patrulaz.az xəbər verir ki, ABŞ dövlət başçısı bu paylaşımı Parisdə Avropa liderləri ilə telefon danışığından sonra edib.
Sözügedən kadrlar avqustun 15-də Alyaskada keçirilən Tramp və Putin arasında təkbətək görüş zamanı çəkilib. Fotoda Rusiya və ABŞ liderinin birgə poza verərkən üzərlərində uçan B-2 Spirit bombardmançısı və F-35 qırıcılarına baxdıqları əks olunub.
Avropa liderləri ilə danışıqlardan sonra Trampın bu paylaşımı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə razılıq verilməyəcəyinə işarə kimi sayılır.
Bundan əvvəl isə bir sıra Qərb KİV-ləri Trampın telefon danışığından sonra Avropa liderlərinin narazılığı və məyusluğu barədə məlumat yayıblar. Nəşrlərin yazdığına görə, söhbət gərgin atmosferdə keçib.
Xatırladaq ki, sentyabrın 4-də Fransanın Yelisey sarayında keçirilən “könüllülər koalisiyası”nın toplantısında bir sıra Avropa liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron və Ukrayna Prezidenti Volodimir Zelenski iştirak ediblər. Görüşə Tramp telefon zəngi ilə qoşulub.

Gülbəniz Səfərova






