“Tramp ikinci prezidentliyi dövrünə iddialı çıxışlarla başladı”- ŞƏRH EDİLDİ
“Trampın ABŞ-də növbəti dönəm prezident olaraq fəaliyyətə başlaması bir çox istiqamətdə suallar yaradan və müzakirələrə səbəb olan məsələləri yenidən gündəmə gətirmiş oldu. Heç şübhəsiz ki, bu məsələlər arasında ilk yeri Rusiya-Ukrayna müharibəsinin gələcəyinin necə olacağı sualına cavab axtarışları tutur. Xüsusilə də, yeni formalaşan dünya nizamında zəiflədilmiş və tabe edilmiş Rusiyanı görmək istəyən qüvvələr üçün bu məsələ xüsusi önəm daşıyır. Hətta qısa müddətdə Trampın Rusiya və Ukrayna üzərində mümkün təzyiq vasitələrindən istifadə etməklə ilkin atəşkəsə nail ola biləcəyi ehtimalı hərkəs tərəfibdən gözlənilən yanaşmadır. Bu addım müharibənin yaxın günlərdə sona çatması ilə bağlı nikbin yanaşma yaratmasa da, ümumilikdə hərbi qarşıdurmanın gələcək taleyinə istiqamət verə bilər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında politoloq Aytən Qurbanova deyib.

O bildirib ki, digər istiqamətdə Tramp kifayət qədər iddialı çıxışlarla ikinci prezidentlik dönəminə başlamış oldu: “Yeni ərazi iddiaları dünya nizamının mühüm prinsiplərini alt-üst edə biləcək nəticələri özündə ehtiva edir. Belə ki, Kanadaya və ya Qrelandiyaya qarşı olan iddialar, Panama kanalına nəzarət məsələsinin gündəmə gətirilməsi 1648-ci ildən etibarən formalaşdırılmış müasir beynəlxalq münasibətlər sisteminin mövcud dəyərlərini və BMT çərçivəsində tanınan əraziləri gözardı edə biləcək addımlardır. Hətta belə addımın qlobal sistemin ən önəmli aktoru tərəfindən atılması mənfi presedent olaraq da ifadə edilə bilər. Paralel olaraq Donald Trampın münaqişələrə son qoyulması ilə bağlı iddialı çıxışları verilən bəyanatlardakı əsas ziddiyyətli məqam olaraq ifadə edilə bilər. Bir tərəfdən münaqişələrə son üoyulması təşəbbüsləri, digər tərəfdən isə suveren dövlətlərin əraziləri bağlı səsləndirilən fikirlər bu bəyanatlardakı ciddiyyəti yox edə bilir. Amma bütün bunları nəzərdən keçirdikdə, ilk prezidentlik dövründən fərqli olaraq daha ambisional çıxışlara sahib olan Tramp administrasiyasının qlobal iqtisadi və siyasi proseslərdə köklü dəyişikliklər etməyi hədəflədiyini aydın şəkildə ifadə edə bilərik. Təbii ki, buna nail olmağın əsas şərti hədəflərin reallıqla üst-üstə düşməsi və ya reallığın hədəflərə uyğunlaşdırılmasıdır”.






